🇦🇿🇺🇸AMERİKADA AZƏRBAYCANI TANITMAQ HƏR BİR AZƏRBAYCANLININ MƏNƏVİ BORCUDUR
Beynəlxalq
Bu gün, 13:53
35
Azərbaycanı sevmək yalnız Vətəndə yaşamaqla ölçülmür. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz davranışı, fəaliyyəti, mədəniyyəti və insanlarla münasibəti ilə ölkəsini təmsil edir.
Xüsusilə dünyanın böyük dövlətlərindən biri olan Amerikada Azərbaycanı tanıtmaq hər bir soydaşımız üçün mühüm mənəvi məsuliyyətdir. Çünki Azərbaycan haqqında təsəvvür yalnız rəsmi tədbirlər və xəbərlər vasitəsilə deyil, orada yaşayan azərbaycanlıların gündəlik davranışları, dostluqları və cəmiyyətə verdikləri töhfələrlə də formalaşır.
Azərbaycanı tanıtmaq təkcə bayrağımızı nümayiş etdirmək, milli musiqimizi səsləndirmək və mətbəximizi təqdim etmək demək deyil. Əsl tanıtım bizim mədəniyyətimizi, tariximizi, qonaqpərvərliyimizi, ailə dəyərlərimizi, böyüyə hörmətimizi, kiçiyə qayğımızı və insanlara münasibətimizi göstərməklə başlayır.
Amerikada yaşayan azərbaycanlı öz uğuru ilə də Azərbaycanı tanıdır. Elm, təhsil, biznes, səhiyyə, hüquq, incəsənət, idman və digər sahələrdə əldə olunan hər bir uğur Azərbaycan adına əlavə olunan mənəvi dəyərdir. Bir azərbaycanlının dürüstlüyü, zəhmətkeşliyi və yüksək mədəniyyəti haqqında yaranan müsbət fikir, əslində, onun doğma Vətəni haqqında da xoş təsəvvür yaradır.
Azərbaycanı tanıtmağın ən güclü yollarından biri də dostluq körpüləri yaratmaqdır. Müxtəlif xalqların nümayəndələri ilə səmimi münasibətlər qurmaq, onların Azərbaycanı daha yaxından tanımasına imkan yaratmaq, ölkəmizin tarixindən, mədəniyyətindən və mənəvi dəyərlərindən danışmaq böyük işlərin başlanğıcı ola bilər.
Biz dünyaya özümüzü sübut etmək üçün başqalarından fərqli olduğumuzu deyil, kim olduğumuzu düzgün göstərməliyik. Azərbaycanlı olmaq böyük tarixə, zəngin mədəniyyətə və qədim mənəvi dəyərlərə sahib olmaq deməkdir. Bu dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaq isə hər birimizin məsuliyyətidir.
Unutmamalıyıq ki, Vətən yalnız yaşadığımız torpaq deyil. Vətən həm də daşıdığımız addır, danışdığımız dildir, qoruduğumuz dəyərlərdir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, Azərbaycan adı bizimlə birlikdə yaşayır.
Amerikada Azərbaycanı tanıtmaq, Azərbaycanla Amerika arasında dostluq və qarşılıqlı anlaşma körpülərinin möhkəmlənməsinə töhfə vermək hər bir azərbaycanlının mənəvi borcu və məsuliyyətidir.
Çünki Vətəni sevmək yalnız Vətən haqqında danışmaq deyil — Vətənin adını yaşadığın hər yerdə ləyaqətlə daşımaqdır.
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Fəxri üzvü,
ABŞ təmsilçisi:
Toğrul Əliyev
















