YALANÇI VƏ YALTAQ İNSANLAR — MƏNƏVİYYATIMIZIN “YARASI , XORASI”
Mənəvi dəyərlər
Bu gün, 14:23
88
İnsanın ən böyük sərvəti var-dövləti deyil, mənəviyyatıdır. Mənəviyyat zədələnəndə insanın zahiri görünüşü dəyişməsə də, daxilində böyük bir boşluq yaranır. Bu boşluğu yaradan ən təhlükəli mənəvi xəstəliklərdən biri isə yalan və yaltaqlıqdır.
Yalan həqiqətin düşmənidir, yaltaqlıq isə insanın şəxsiyyətini və ləyaqətini kiçildən davranışdır. Yalançı insan həqiqəti gizlədir, yaltaq isə həqiqəti bildiyi halda onu deməyə cəsarət etmir. Biri sözlə aldadır, digəri isə mənfəət naminə həqiqətin qarşısında əyilir.
Ona görə də yalan və yaltaqlığı mənəviyyatımızın “yarası xorası” adlandırmaq təsadüfi deyil. Çünki yara vaxtında müalicə olunmasa, böyüyüb xora çevrildiyi kimi, kiçik bir yalan da zaman keçdikcə xarakterə, yaltaqlıq isə həyat tərzinə çevrilə bilər.
Amma bu mənəvi xəstəlik dostlarımız arasında görünəndə, məsələ daha da ağırlaşır. Çünki yad insanın yalanından ehtiyat etmək asandır, dostun yalanını isə insan çox vaxt ürəyindən keçirir. Dostun yaltaqlığı isə daha təhlükəlidir: çünki insanı həqiqətdən uzaqlaşdırıb özünü olduğundan fərqli görməsinə səbəb ola bilər.
Belə vəziyyətdə artıq söhbət sadəcə yalandan və yaltaqlıqdan getmir. Bu, insanın mənəvi dünyasına yönəlmiş bir “mənəvi terror”a çevrilir. Çünki həqiqəti eşitməyən insan səhvini görə bilmir, səhvini görə bilməyən insan isə düzəlmək ehtiyacı hiss etmir.
Əsl dost üzümüzə gülməyi deyil, üzümüzə həqiqəti deməyi bacarmalıdır. Bizim səhvimizi hamının içində böyütmək yox, təkbətək deyib düzəltməyə çalışmaq dostluğun ən böyük göstəricilərindəndir.
Yaltaq insan isə çox vaxt sizin yaxşılığınızı deyil, öz rahatlığını düşünür. Bu gün sizi göylərə qaldıran adam sabah öz mənafeyi dəyişəndə sizi yerə vura bilər. Çünki onun münasibətinin əsasında səmimiyyət yox, mənfəət dayanır.
Mənəviyyatımızı qorumaq istəyiriksə, ətrafımızdakı insanların sözündən çox niyyətinə və davranışına baxmalıyıq. Hər xoş söz səmimiyyət deyil, hər tənqid də düşmənçilik deyil.
Bəzən bizi sevən insan acı həqiqəti deyir, bizi aldadan isə şirin yalan danışır.
Şirin yalanın arxasında çox vaxt mənfəət, acı həqiqətin arxasında isə səmimiyyət dayanır.
Dostluğun dəyəri də elə burada üzə çıxır: dostunuz sizi səhvinizlə birlikdə qəbul edə bilər, amma səhvinizi doğru kimi göstərməməlidir.
Çünki həqiqi dost sizi yaltaqlıqla rahatlatmaz, həqiqətlə qoruyar.
Mənəviyyatımızı yalanın, yaltaqlığın və ikiüzlülüyün virusundan qorumağın ən güclü yolu isə sadədir: özümüz yalan danışmayaq, yaltaqlıq etməyək və həqiqəti deyən insanlardan inciməyək.
Mənəviyyat təmizdirsə, insanın sözü də, dostluğu da, münasibəti də təmiz olar.
Yalançıdan uzaq durmaq özünü qorumaqdır, yaltaqlığa uymamaq isə öz ləyaqətini qorumaqdır.
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
üzvü, içtimai fəal:
Kamran Seyidzadə
















