“Evə Qayıdırıq” Tofiq Bayram

Çatsaq da rütbəyə, ali savada,
Adi fəhlə kimi işləsək də biz,
Bağlı kabinetdə, açıq havada
Gündüzlər gərilir əsəblərimiz

Gündüzlər bezirik üzlü bir “dostdan”,
Bezirik xahişdən, ya göstərişdən.
Hərdən də çıxanda uzun iclasdan
Elə bil çıxırıq ağır döyüşdən.

Ürəy də yorulur, beyin də, göz də,
Sözlər eşidirik töhmətli, acı.
Axşam fəhləmiz də, nazirimiz də
Olur ev möhtacı, qayğı möhtacı.

Axşam hər ürəkdə bir istək gəzir:
Bir şirin təbəssüm, bir loxma çörək.
Kişilər görmüşəm evə tələsir
İlk görüş yerinə tələsdiyitək.

Kişilər görmüşəm qisməti, payı
Böyük bir külfətdir, kiçik bir otaq.
Hər axşam qadını dəmləyən çayı
Yüz-yüz qonaqlığa dəyişməz ancaq.

Qadınlar görmüşəm, ac-susuz qalıb,
Məskəni bir mətbəx guşəsi olub.
Yollara baxmaqdan gözü qaralıb,
Çeşməyi pəncərə şüşəsi olub.

Rəislər görmüşəm, sinə qəfəsi
Az qalıb partlasın bir zəng səsindən.
Hirsini soyudub qadın nəfəsi,
Evdə şəfa tapıb xoş təbssümdən.

Kişilər də görmüşəm qalxıb kürsüyə,
Ağzından od saçıb, deyiblər nərsən
Evə qayıdanda, yazıq kilsəyə-
Zorla ibadətə gedir, deyərsən.

Tez gəldi, günahdır, gec gəldi, xəta,
Elə bil üstünə daş-divar yağır.
Qapısı açılır yarım saata,
Açanın üzündən zəhrimar yağır.

Soruşmur: Ay kişi, nə aləmdəsən?
Kim səni incidib, dərdlisən niyə?
Soruşur:-Bəs hansı cəhənnəmdəsən?
Tez ol, gecikirik, toya, şənliyə.

Qadınlar görmüşəm, dünya qəmini
Evindən didərgin salır hər axşam.
Kişi ürəyinin sarı simini
Qayğı mizrabıyla çalır hər axşam.

Hardasa başına yağır alqışlar,
Kiməsə şöhrətin, adın gərəkdir.
Evdə ipək əllər, gülgün baxışlar,
Evdə səni duyan qadın gərəkdir.

Evdə qayıdırsan uşaqlığına,
Qadın insandırsa, dodaq da büzməz.
Lap dahi olasan, şıltaqlığına
Öz qadının dözər, öz anan dözməz...

Evə qayıdırıq addımlarımız
Tələsir, -
Hamımız yorğunuq, acıq.
Qayğıkeş, mehriban qadınlarımız,
Açın süfrələri, sizə möhtacıq.

Sevən qəlbimizdə bir istək gəzir:
Bir şirin təbəssüm, bir loxma çörək.
Vəfalı kişilər evə tələsir,
İlk görüş yerinə tələsənlərtək.