Xalq şairi Vahid Əzizin doğum gününü təbrik edirik!
Mənəvi Birlik / Mədəniyyət və İncəsənət / Ədəbiyyat
23-11-2024, 10:08
53
Vahid Əziz 1945-ci il noyabrın 23-də Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964).
Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
"Oğuz eli" ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur (1991). "Ergün" firmasını, eyni adlı nəşriyyatı təsis etmişdir. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirmişdir.
Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. "Dözmək olmur" (1997) şeirlər kitabı rəğbətlə qarşılanmışdır. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.
24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülmüşdür.[2]
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.
Ən çox sevilən şerlərindən biri:
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağıtək qovmasın külək,
Gözlərim görsə də, ayağım - əlim
Əsalı olanda dayansın ürək.
Mən yüz il ömür arzulamayın -
Bu qədər yaşayan hansı çiçəkdir?!
Mən yaşda qalmırsa taytuşum-tayım,
Qurdnan qiyamətə qalmaq deməkdir.
Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı - pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.
Tanrıdan bir ömür diləyin mənə,
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.
Mənə yüz il ömür arzulamayın -
Ləyaqət, təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yüz il ömür arzulamayın...