✍️Vəli Əliyev yazır... ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILAN ŞƏHİDLƏR BULAĞI — ÜÇ QƏHRƏMANIN ƏBƏDİYYƏTƏ QOVUŞAN ADI

Mənəvi dəyərlər / Mənəvi Birlik 28.10.2026 13:05 212


Bəzi insanlar ömürlərini illərlə ölçür, bəziləri isə yaşadıqları ömrə sığdırdıqları qəhrəmanlıqlarla əbədiyyət qazanırlar. Vətən uğrunda canından keçən igidlər də məhz belə insanlardır. Onların həyatı xalqımızın qürur tarixi, xatirələri isə gələcək nəsillərə ötürülən müqəddəs əmanətdir.

2026-cı ilin oktyabr ayında Xırdalan şəhərində şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə həyata keçirilən nəcib təşəbbüs bu ehtiramın gözəl nümunəsidir. Xırdalan şəhəri, 26-cı məhəllə, 5-ci binanın sakinlərinin təşəbbüsü ilə binanın önündə Şəhidlər Bulağı. inşa edilərək həmin binada yaşamış üç şəhidin — kapitan Veysəl Müsibovun, əsgər Nəzim Məmmədovun və əsgər Fəxrəddin Cəbullayevin xatirəsinə həsr olunub.

Bu bulaq sadəcə su mənbəyi deyil. O, Vətən sevgisinin, şəhidlərə sədaqətin, xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının rəmzidir. Hər bir daşında ehtiram, hər damla suyunda xatirə, hər baxışında isə qəhrəmanlarımıza minnətdarlıq yaşadan belə bir məkanın yaradılması sakinlərin vətəndaşlıq məsuliyyətinin və mənəvi birliyinin təqdirəlayiq ifadəsidir.

VEYSƏL MÜSİBOV — VƏTƏNƏ HƏSR OLUNAN ÖMÜR

Şəhid kapitan Veysəl Yadulla oğlu Müsibov 1989-cu il fevralın 15-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kəndində dünyaya göz açıb. Heydər Əliyev adına Hərbi Liseyi və Azərbaycan Ali Hərbi Məktəbini bitirərək 2011-ci ildə zabit kimi hərbi xidmətə başlayıb.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Veysəl Müsibov yüksək peşəkarlığı və döyüş hazırlığı ilə seçilib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2018-ci ildə beynəlxalq “Efes-2018” Xüsusi Təyinatlılar yarışında komandası ilə birlikdə birinci yerə layiq görülüb.

2020-ci ildə Vətən müharibəsi başlayanda o, Murovdağ, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edərək torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıb. 2020-ci il oktyabrın 7-də Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”adına layiq görülən Veysəl Müsibov Azərbaycan xalqının yaddaşında igid zabit, Vətəninə sədaqətlə xidmət etmiş qəhrəman kimi yaşayır.

NƏZİM MƏMMƏDOV — ŞƏHİDLİK SALNAMƏSİNİN UNUDULMAZ ADI

Şəhid əsgər Nəzim Elmar oğlu Məmmədov 1964-cü il noyabrın 9-da anadan olub, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən ağır müharibə dövründə şəhidlik zirvəsinə yüksəlib.

Onun adı Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həyatını itirən qəhrəmanlarımızın sırasında yaşayır. Şəhidlərimizin hər biri öz taleyi, ailəsi, arzuları və yarımçıq qalan ömrü ilə bir xalqın yaddaşında dərin iz qoyub.

Nəzim Məmmədovun xatirəsinin yaşadılması keçmişimizi unutmamaq, Vətən uğrunda verilən qurbanların qiymətini bilmək və gələcək nəsillərə tariximizin ağrılı səhifələrini çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

FƏXRƏDDİN CƏBULLAYEV — VƏTƏN TORPAĞINA ƏMANƏT EDİLƏN QƏHRƏMAN

Şəhid əsgər Fəxrəddin Əli oğlu Cəbullayev 1973-cü il oktyabrın 24-də anadan olub, 1994-cü il yanvarın 4-də Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

O da Vətən torpağının müdafiəsi naminə həyatını fəda edən oğullarımızdandır. Onun adı və xatirəsi xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir.

Vətən uğrunda şəhid olan insanların ömrü fiziki olaraq yarımçıq qalsa da, onların qəhrəmanlığı xalqın yaddaşında yaşayaraq gələcək nəsillərə örnək olur. Fəxrəddin Cəbullayevin xatirəsinə göstərilən ehtiram da bu müqəddəs yaddaşın qorunmasına xidmət edir.

ŞƏHİDLƏR BULAĞI — XATİRƏDƏN ƏBƏDİYYƏTƏ UZANAN YOL

Xırdalan şəhəri, 26-cı məhəllə, 5-ci binanın sakinlərinin təşəbbüsü ilə yaradılan Şəhidlər Bulağı üç qəhrəmanımızın adını bir məkanda birləşdirir. Burada kapitan Veysəl Müsibovun, əsgər Nəzim Məmmədovun və əsgər Fəxrəddin Cəbullayevin xatirəsi ehtiramla yaşadılır.

Bulaqlar həyatın, saflığın və davamlılığın rəmzidir. Şəhidlərin xatirəsinə yaradılan bulaq isə daha dərin mənəvi məna daşıyır. Onun suyu axdıqca şəhidlərimizin adı xatırlanacaq, qarşısından keçən insanlar Vətən uğrunda canından keçən igidləri yada salacaqlar.

Bu təşəbbüsün ən dəyərli tərəfi odur ki, şəhidlərə ehtiram yalnız sözlə ifadə edilməyib, konkret əməli addımla əbədiləşdirilib. Sakinlərin bir araya gələrək belə bir xatirə məkanı yaratması birlik, həmrəylik və vətəndaşlıq məsuliyyətinin nümunəsidir.

Şəhidlərimizin xatirəsini yaşatmaq yalnız onların adlarını daşlara həkk etməkdən ibarət deyil. Bu, onların ailələrinə diqqət göstərmək, Vətənə sədaqət ruhunu qorumaq, tariximizi öyrənmək və gənc nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq deməkdir.

Xırdalanda ucaldılan bu bulaq bir daha sübut edir ki, şəhidlərimizin xatirəsi yalnız doğulduqları torpaqlarda deyil, Azərbaycanın hər guşəsində əziz tutulur. Onların qəhrəmanlığı bütün xalqımızın ortaq sərvətidir.

Bu gün biz həm də həmin təşəbbüsün müəlliflərinə və iştirakçılarına təşəkkür etməliyik. Çünki şəhidlərimizin adını yaşatmaq, onların xatirəsinə ehtiram göstərmək gələcək nəsillər qarşısında daşıdığımız mənəvi borcdur.

Şəhid kapitan Veysəl Müsibov, şəhid əsgər Nəzim Məmmədov və şəhid əsgər Fəxrəddin Cəbullayev! Sizin adlarınız bu bulaqda, xalqımızın yaddaşında və Azərbaycanın qəhrəmanlıq tarixində yaşayacaq. Sizin fədakarlığınız unudulmayacaq, xatirəniz daim ehtiramla anılacaq.

Qoy Şəhidlər Bulağının suyu daim axsın, bu müqəddəs məkan ziyarət olunsun, şəhidlərimizin adları nəsillərdən-nəsillərə ötürülsün!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun. Ailələrinə səbir və dözüm versin.

Şəhidlər ölmürlər! Onlar xalqın yaddaşında, dövlətin tarixində və Vətənin qəlbində əbədi yaşayırlar!

Vəli Əliyev

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru

Oxşar xəbərlər