✍️Vəli Əliyev yazır... HÖRMƏT OLMAYAN YERDƏ QALMAQ ÖZÜNƏ XƏYANƏTDİR!
İnsanın həyatda ən böyük dəyərlərindən biri özünə olan hörmətidir. Çünki insan özünə hörmət etmirsə, başqalarından da bunu gözləməsi çətindir.
Bəzən insanlar hörmət görmədikləri münasibətlərdə qalmağa davam edirlər. Kimisə itirməkdən qorxurlar, kiminsə könlünü qırmaq istəmirlər, bəzən də keçmiş xatirələrə görə bu münasibətlərdən qopa bilmirlər. Amma unudurlar ki, insanın qəlbini incidən, şəxsiyyətini alçaldan və varlığını dəyərsizləşdirən yerdə qalmaq fədakarlıq deyil, özünə qarşı haqsızlıqdır.
Hörmət dilənilməz! Hörmət tələb etməklə deyil, qarşılıqlı münasibətlə yaranar. Səni yalnız işinə yarayanda xatırlayan, uğuruna sevinməyən, fikirlərinə dəyər verməyən insanların yanında özünü qəbul etdirmək üçün mübarizə aparmaq insanın öz dəyərini unutmasıdır.
Bir həqiqəti qəbul etməliyik: hər kəs həyatımızda qala bilməz, hər kəsə də həyatımızda yer vermək məcburiyyətində deyilik.
Getmək hər zaman məğlubiyyət deyil. Bəzən susmaq ən böyük cavab, uzaqlaşmaq ən doğru qərar, özünə hörmət etmək isə ən böyük qələbədir.
İnsan nə qədər səbirli, nə qədər mərhəmətli olsa da, öz şəxsiyyətinin sərhədlərini qorumalıdır. Çünki başqalarını itirməmək naminə özünü itirmək ən böyük itkidir.
Unutmayaq: Hörmət olmayan yerdə qalmaq sədaqət deyil, özünə xəyanətdir. Öz dəyərini bilən insan isə heç vaxt hörmətsizliyə alışmamalıdır.
Vəli Əliyev
Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru












