✍️Vəli Əliyev yazır... AZƏRBAYCAN RADİOSU – 100 İL: BİR ƏSRİN SƏSİ, TARİXİN YADDAŞI!

Gündəm / Tarix / Təbriklər 06.11.2026 08:46 22

6 noyabr Azərbaycan xalqının mədəniyyət və informasiya tarixində əlamətdar gündür. 1926-cı il noyabrın 6-da efirdə ilk dəfə “Diqqət, danışır Bakı!” sözləri səsləndi. Beləliklə, Azərbaycan radiosunun birəsrlik tarixi başladı.

Bir əsr... Bu, sadəcə yüz illik zaman ölçüsü deyil. Bu, bir xalqın sevincinin, kədərinin, mübarizəsinin, qələbələrinin və tarixinin səsli salnaməsidir.

Azərbaycan radiosu müxtəlif dövrlərdə xalqımızın ən yaxın informasiya mənbələrindən biri olub. Müharibə illərində, mürəkkəb ictimai-siyasi hadisələr zamanı, 20 Yanvar faciəsində və Vətən müharibəsində radio öz sözünü deyib, xalqın informasiya ehtiyacının ödənilməsində mühüm rol oynayıb.

Radio həm də Azərbaycan dilinin, milli musiqimizin, muğamımızın, ədəbiyyatımızın və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına xidmət edən böyük bir məktəbdir.

Bu gün texnologiyalar dəyişir, informasiya vasitələri yenilənir. Lakin insan səsinin yaratdığı doğmalıq, radionun yaddaşlarda qoyduğu iz öz əhəmiyyətini itirmir.

Azərbaycan radiosunun 100 illik yubileyi münasibətilə bu sahədə çalışan və çalışmış bütün əməkdaşları, jurnalistləri, diktorları, redaktorları, rejissorları və yaradıcı insanları ürəkdən təbrik edirəm.

Arzu edirəm ki, Azərbaycan radiosu bundan sonra da milli kimliyimizin, dövlətçiliyimizin, dilimizin və mənəvi dəyərlərimizin təbliğində öz şərəfli missiyasını davam etdirsin.

Bir əsrdir danışır Bakı! Qoy bu səs əsrlər boyu yaşasın!

Vəli Əliyev

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru

Oxşar xəbərlər