Mötəbər Görüş
Gündəm / Beynəlxalq
14-11-2025, 21:44
14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-ın “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”nin nümayəndə heyətini qəbul edib.
Bu mötəbər görüşlə yanaşı, həmin gün Bakıdakı İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində də mühüm bir tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Mənəviyyat Qəzetinin baş redaktoru Vəli Əliyev və qəzetin fəal üzvü, ictimai fəal Nurlan Abbasov da iştirak ediblər.
Kilsəyə təşrif buyuran nüfuzlu nümayəndə heyətinin tərkibində “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen, eləcə də Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə Kvorumu üzvü Pol Pikard və digər tanınmış qonaqlar yer alıb.
Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib. Qonaqlar Azərbaycanın multikultural dəyərlərinə, dinlərarası harmoniyasına, müxtəlif konfessiyaların sərbəst şəkildə fəaliyyət göstərməsi üçün yaradılan şəraitə xüsusi rəğbət göstəriblər.
Bizim üçün qürurvericidir ki, Vətənimiz Azərbaycan bu gün dünyada tolerantlıq, dini həmrəylik və mənəvi dəyərlərə hörmət nümunəsi kimi tanınır. Bu cür tədbirlər bir daha təsdiq edir ki, respublikamızda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşayırlar.
İctimai fəal :
Nurlan Abbasov



















