General Polad Həşimovun Doğum Günüdür

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir.O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur. Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur.1975-cı ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.
Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır.Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir.1992-ci ildə oradan məzun olmuşdur. Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı.1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir.Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdir.
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.