Yenidən sədr seçildi - 30 İLDƏN ÇOXDUR BU VƏZİFƏDƏDİR
Gündəm
21-12-2023, 14:01
168
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayında Səttar Möhbalıyev qurumun yenidən sədri seçilib.
Təklif səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Səttar Möhbalıyev ilk dəfə 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir.
Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1979-cu ildə mühasibat uçotu ixtisası üzrə həmin institutu bitirmişdir. 1974-cü ildən 1976-cı ilə kimi ordu sıralarında xidmətdə olmuşdur.
Əmək fəaliyyəti
1973-cü ildə Sənaye Tikintisi Nazirliyinin 4 saylı dəmir-beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibçi vəzifəsində işləmişdir. 1976-cı ildən Əli Bayramov adına Bakı İstehsalat Tikiş Birliyinə fəhlə kimi işə başlamış, 1977-ci ildə əmtəəşünas vəzifəsinə, 1978-ci ildən qiymətqoyma üzrə mühəndis-iqtisadçı vəzifəsinə keçirilmişdir. Həmin ildə baş mühasibin müavini, səlahiyyətli böyük mühasib vəzifəsində işləmişdir. 1980-ci ildən 1993-cü ilə qədər Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində çalışmışdır. Həmin komitədə müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri, 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır.
1993-cü ilin 6 fevral tarixindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmiş və bu günə kimi bu vəzifədə çalışır.
2010-cu ildən isə Təhsil İşçiləri Azad HİRK-nin sədridir.