Nüsrət Kəsəmənli

Üzümü xoş görüb, xoşbəxt deyirsən
Ağrı içimdədir, yara içimdə.
Dərdimi soruşma, a dərdin alım
Gəl axtar içimdə, ara içimdə

Qapalı ümmandı elə bil sinə
Çalxanır, sığışmır öz hövzəsinə
Qızıl balıq kimi üzür tərsinə
Ürəyi salıblar tora içimdə

Ürəkdən çəkirəm, ürək acıyam
Fikir dünyasıyam, söz yamacıyam
Özüm, özüm boyda dar ağacıyam
Dara çəkilirəm, dara, içimdə