✍️Vəli Əliyev yazır... YALANIN VƏ HARAMIN YOXDURSA, QORXMA



İnsan həyatda çox şeydən qorxa bilər. Haqsızlıqdan, böhtandan, itirməkdən, tək qalmaqdan, insanların onu yanlış anlamasından... Amma bir həqiqət var:

Yalanın və haramın yoxdursa, qorxma.

Çünki insanın ən böyük gücü arxasında duranların çoxluğu deyil, vicdanının qarşısında başıuca olmasıdır.

Bəzən doğru insanın yolu daha çətin olur. Çünki haqq yolunda hər zaman alqış olmur. Dürüstlük bəzən insanı tək qoyur, halal yaşamaq bəzən haramla qazananlardan geri salır. Amma insan unutmamalıdır: çox qazanmaq həmişə varlı olmaq deyil, halal qazanmaq bərəkətli yaşamaqdır.

Haramla əldə edilən nemət zahirən çox görünə bilər, amma insanın qəlbindən rahatlığı, evindən bərəkəti, həyatından mənəvi huzuru apara bilər. Yalan isə bir dəfə deyildikdən sonra insanı başqa yalanlara möhtac edir. Həqiqətin isə özünü qorumaq üçün əlavə sözə ehtiyacı yoxdur.

Sən heç kimin haqqını yeməmisənsə, kiminsə ruzisinə göz dikməmisənsə, əmanətə xəyanət etməmisənsə, bilmədən etdiyin səhvdən dönüb haqq sahibindən halallıq almısansa — insanların hökmündən qorxma.

Çünki insanların qarşısında özünü haqlı göstərməkdən daha vacib olan Allah qarşısında haqlı olmaqdır.

Bəzən sənə böhtan atarlar. Susarsan.

Bəzən haqqını görməzlər. Səbir edərsən.

Bəzən yaxşılığını unudarlar. Yenə də yaxşılıqdan dönməzsən.

Çünki yaxşılıq insanların yaddaşında qalmaq üçün deyil, Allahın dərgahında itməmək üçün edilir.

İnsan öz vicdanından qaça bilməz. Gecə hamı yatanda insanın içində ən böyük məhkəmə başlayır: “Mən bu gün kiminsə haqqına girdimmi? Kimisə aldatdım mı? Bir insanın qəlbini bilərəkdən qırdım mı? Əlimə keçən fürsətdən haram üçün istifadə etdimmi?”

Bu suallara cavab verə bilirsənsə, deməli, ən böyük sərvət səndədir — təmiz vicdan.

Unutma, dostum:

Həqiqət bəzən gec qalib gəlir, amma məğlub olmur. Haqq bəzən susur, amma yox olmur. Halal ruzi bəzən az görünür, amma bərəkəti çox olur.

Ona görə də yalanın yoxdursa, haramın yoxdursa, heç kimin haqqı boynunda deyilsə, qorxma.

Qoy səni insanlar yox, əməllərin tanıtsın. Qoy adını sözlərin yox, vicdanın yaşatsın.

Çünki bu dünyada insanı ən çox qoruyan nə var-dövlət, nə vəzifə, nə də insanların verdiyi gücdür.

İnsanı ən böyük qoruyan onun təmiz vicdanı, halal qazancı və Allah qarşısında alnının açıq olmasıdır.

Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzet