Zəlimxan Yaqub

İLAHİ

Bir millətdi, bir torpaqdı, bir Vətən,
O tay nədir, bu tay nədir, İlahi!
Hər tərəfə pay veriblər həsrəti,
O pay nədir, bu pay nədir, İlahi!

Eyni bağdı, eyni bağça, eyni bar,
Eyni sazdı, eyni kaman, eyni tar.
Ortalıqda dəmir hasar, lay divar,
O lay nədir, bu lay nədir, İlahi!

Üstümüzdən acı yeltək əsən kim?
Kəsilən biz, kəsdirən kim, kəsən kim?
Aman, qardaş, de, mən kiməm, de, sən kim?
O hay nədir, bu hay nədir, İlahi!

Millətə bax, dəmir tordan boylanır,
Diri evdən, ölü gordan boylanır.
Yeddi burdan, yetmiş ordan boylanır,
O say nədir, bu say nədir, İlahi?!

Hansı başdı, hansı bədən, bilinməz,
Paralansa, varmı Vətən, bilinməz.
Orda ölən, burda itən bilinməz,
O vay nədir, bu vay nədir, İlahi!

Bay olmasın, qarı düşmən bay oldu,
Çox ömürlər nisgillərə pay oldu.
İki yanda göz yaşımız çay oldu,
O çay nədir, bu çay nədir, İlahi!

Bu söhbəti ortalığa kim salıb?
Bu həsrəti ortalığa kim salıb?
Bu zilləti ortalığa kim salıb?
O tay nədir, bu tay nədir,
İlahi! O dərd nədir, bu vay nədir, İlahi!