Vahid Əziz - Tanıdım
Ədəbiyyat
19-02-2023, 21:48
126
Köks ötürdü saçımdakı qarlara,
Demədiyi sözlərindən tanıdım.
Nəzər saldım üzündəki xallara,
Xumarlanan gözlərindən tanıdım..
Oturmuşduq bir vaqonda üzbəüz,
Əzəlkitək mənə doğma, çox əziz,
Yenə həmin qəmli baxış, nurlu üz,
Çanta örtən dizlərindən tanıdım..
Düşüb getdi ilıq əsən meh kimi,
Baxışlarım izləyirdi ley kimi,
Addımları çilənirdi şeh kimi,
Ömrümdəki izlərindən tanıdım..
Cəhd etmədim arxasınca yeriyəm,
O, özgənin, mən də onun sirriyəm,
Ulduz oldu qaranlıqda əriyən
Fərqləndirib yüzlərindən tanıdım..
Köks ötürdü saçımdakı qarlara,
Xumarlanan gözlərindən tanıdım,
Nəzər saldım üzündəki xallara,
Qəlbimdəki közlərindən tanıdım..