Ürəkdən Doğan Bağ



✍️ Vəli Əliyev yazır

Xalq müdrikliyi bəzən bir cümləyə bütöv bir həyat fəlsəfəsini sığışdırır. Atalar demişkən:
“Arvad eldən gəlir, oğul beldən, dost ürəkdən dəlir.”
Bu kəlam insan taleyindəki münasibətlərin mənşəyini, dəyərini və məsuliyyətini açıq şəkildə göstərir.
Arvad insan həyatına cəmiyyətin, ailənin və zamanın gətirdiyi bir qismətdir. Oğul insanın özündən doğan, qanla, nəsillə davam edən varlıqdır. Bunlar həyatın təbii və sosial qanunları ilə formalaşır. Lakin dostluq nə qanunla, nə də tale ilə ölçülür. Dost ürəyin azad qərarıdır, ruhun səssiz seçimi.
Ədəbi dillə desək, dost qapını döyüb gəlmir —
o, ürəyin içində yer tapır.
Sənin danışmadığını anlayan,
sənin güldüyün yerdə sevinci bölən,
sükutunda sədaqətini itirməyən adamdır dost.
Müasir cəmiyyətdə “dost” anlayışı çox vaxt yoldaşlıqla, maraqla, fayda ilə qarışdırılır. Amma zaman süzgəcindən yalnız ürəkdən doğulan münasibətlər keçir. Çünki dostluq mənafe üstündə qurulanda ilk sınaqda dağılır, vicdan üstündə qurulanda isə zamanla möhkəmlənir.
Fəlsəfi baxımdan bu atalar sözü insan həyatındakı bağları üç mərhələdə təqdim edir:
bioloji bağ (övlad), sosial bağ (ailə), mənəvi bağ (dost).
Ən çətin olan isə məhz sonuncudur. Çünki dostluq iradə, xarakter və mənəviyyat tələb edir. Onu nə qan qoruyur, nə də məcburiyyət — onu yalnız sədaqət yaşadır.
Atalar bu kəlamla bizə sadə, amma ağır bir həqiqəti xatırladır:
İnsanı insan edən təkcə kimdən doğulduğu yox,
kimin yanında necə adam olduğudur.