Bayramların Əsl Mənası: Böyüyə Hörmət, Keçmişə Sədaqət



✍️Vəli Əliyev yazır

Hansı bayram olmağından asılı olmayaraq, Azərbaycan xalqının əsrlərdən süzülüb gələn milli-mənəvi dəyərlərindən biri də bayram günlərində ağsaqqalın, ağbirçəyin, nənə və babaların ziyarət edilməsi, onların başına yığışaraq təbrik olunmasıdır. Bu ənənə sadəcə bir mərasim deyil, xalqımızın ruhunu, ailə institutunun gücünü və mənəvi yaddaşını yaşadan müqəddəs bir dəyərdir.
Bayram süfrəsinin başında oturan ağsaqqal təkcə ailənin böyüyü deyil, keçmişin canlı yaddaşıdır. Onun söylədiyi hər bir söz, etdiyi hər bir dua illərin sınağından keçmiş həyat dərsidir. Ağbirçəyin xeyir-duası isə evin bərəkəti, ailənin diriliyidir. Azərbaycan ailəsində bayram, məhz bu mənəvi birliklə kamilləşir.
Uşaqlar üçün bu görüşlər tərbiyənin ən təsirli formasıdır. Onlar böyüyə hörməti, sözün qədrini, ailə bağlarının müqəddəsliyini kitabdan yox, canlı nümunədən öyrənirlər. Nənənin dizinin dibində, babanın söhbətləri içində böyüyən uşaq sabah cəmiyyətə hörmət edən, dəyərlərinə sahib çıxan şəxsiyyət kimi formalaşır.
Təəssüf ki, müasir dövrdə texnologiya və sürətli həyat tərzi bəzən bu gözəl ənənələri kölgədə qoyur. Lakin unutmaq olmaz ki, ənənə yaşadılmadıqda yox olur, yox olan ənənə ilə birlikdə milli kimlik də zəifləyir. Bayram günü böyüklərin qapısını döymək, hal-əhval tutmaq, əllərini öpmək – bu, sadəcə adət yox, mənəvi borcdur.
Bu dəyərli ənənəni gələcək nəsillərə ötürmək hər bir valideynin, hər bir ailənin məsuliyyətidir. Çünki böyüyə hörmət olmayan yerdə nə ailə bütövdür, nə də cəmiyyət sağlamdır. Bayramın əsl mənası süfrənin bolluğunda deyil, könüllərin birliyindədir.
Azərbaycan xalqının gücü də məhz buradadır – keçmişinə hörmət edən, böyüyünü uca tutan və bu dəyərləri gələcəyə daşıyan xalq olmasında.