Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.