✍️ Vəli Əliyev yazır... Azərbaycan səhnəsinin unudulmaz sənətkarı – Məmmədrza Şeyxzamanov


Azərbaycan teatr və kino sənətinin tarixi xalqımızın mədəni yaddaşını formalaşdıran böyük sənətkarların adı ilə zəngindir. Onlardan biri də ömrünü sənətə həsr etmiş, yaratdığı yaddaqalan obrazlarla milyonların sevgisini qazanan Xalq artisti Məmmədrza Şeyxzamanov olmuşdur.

1915-ci il avqustun 4-də Gəncədə dünyaya göz açan Məmmədrza Şeyxzamanov gənc yaşlarından teatra böyük maraq göstərmiş, istedadı və zəhməti sayəsində Azərbaycan səhnəsinin aparıcı aktyorlarından birinə çevrilmişdir. Onun sənət yolu fədakarlıq, peşəkarlıq və tamaşaçı sevgisi ilə zəngin olmuşdur.

Böyük sənətkar həm teatrda, həm də kinoda yaratdığı bir-birindən fərqli və dolğun obrazlarla milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermişdir. Nəsimi, Əhməd haradadır?, Tütək səsi və digər filmlərdəki uğurlu rolları bu gün də Azərbaycan kinosunun qızıl fondunun ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Onun ifa etdiyi hər bir obraz həyatiliyi, səmimiyyəti və yüksək aktyor ustalığı ilə seçilir.

Məmmədrza Şeyxzamanov üçün sənət sadəcə peşə deyildi. O, səhnəni müqəddəs bir məktəb, tamaşaçını isə ən böyük dəyər hesab edirdi. Onun yaratdığı qəhrəmanlar xalqımızın mənəvi dünyasını, milli xarakterini, humanizm və mərdlik kimi ali keyfiyyətlərini əks etdirirdi. Məhz buna görə də sənətkarın yaratdığı obrazlar illər keçsə də öz aktuallığını və təsir gücünü itirməmişdir.

Azərbaycan dövləti onun sənətə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirərək Xalq artisti fəxri adına layiq görmüşdür. Bu ad, əslində, xalqın ona bəslədiyi sonsuz sevginin və ehtiramın rəsmi ifadəsi idi.

1984-cü ildə dünyasını dəyişən böyük sənətkar cismani olaraq aramızdan ayrılsa da, onun sənəti yaşayır. Televiziya ekranlarında hər dəfə nümayiş olunan filmləri, səhnədə yaratdığı ölməz obrazlar və zəngin yaradıcılıq irsi yeni nəsillərə sənət sevgisini aşılayır.

Belə sənətkarlar zamanın yox, xalqın yaddaşının adamlarıdır. Məmmədrza Şeyxzamanov da Azərbaycan mədəniyyətinin əbədiyaşar simalarından biri kimi daim hörmət və minnətdarlıqla xatırlanacaq.

"Milli Mənəviyyat" müstəqil, beynəlxalq qəzet