✍️ Vəli Əliyev yazır... 2 Avqust – Azərbaycan Kinosu Günü



Hər il 2 avqust ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu əlamətdar tarix milli kino sənətimizin yaranmasının, inkişaf yolunun və Azərbaycan mədəniyyətinə bəxş etdiyi əvəzsiz töhfələrin təntənəsidir.

Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də başlanır. Həmin gün fotoqraf və kinooperator Aleksandr (İsgəndər) Mişon tərəfindən lentə alınmış "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" və "İlişdin" kimi ilk ekran əsərləri nümayiş etdirilmiş, bununla da milli kino salnaməmizin təməli qoyulmuşdur.

Bu tarixin dövlət səviyyəsində qeyd olunmasının əsası isə ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli 588 nömrəli Sərəncamı ilə qoyulmuş və 2 avqust Azərbaycan Kinosu Günü elan edilmişdir.

Azərbaycan kinosu bir əsrdən artıq müddətdə xalqımızın tarixini, qəhrəmanlığını, milli-mənəvi dəyərlərini, adət-ənənələrini və zəngin mədəni irsini ekran dili ilə gələcək nəsillərə çatdırıb. "Arşın mal alan", "O olmasın, bu olsun", "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Nəsimi", "Babək", "Dədə Qorqud" və onlarla digər ekran əsəri milli kino xəzinəmizin əbədi inciləridir.

Bu gün də dövlətimizin kino sənətinə göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan kinosu yeni inkişaf mərhələsini yaşayır, gənc rejissorlar və yaradıcı insanlar milli kino ənənələrini uğurla davam etdirirlər.

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin kollektivi olaraq bütün kino xadimlərini, rejissorları, ssenaristləri, operatorları, aktyorları və bu sənətin inkişafına xidmət edən hər kəsi 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

Bayramınız mübarək, Azərbaycan kino xadimləri!