✍️ Vəli Əliyev yazır... Uşaqlar – sabahımızın ümidi, bu günümüzün sevincidir


1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın bir çox ölkələrində qeyd olunan ən mənalı və ən duyğulu günlərdən biridir. Bu gün təkcə uşaqları təbrik etmək üçün deyil, həm də onların hüquqlarını, təhlükəsizliyini, sağlamlığını və xoşbəxt gələcəyini düşünmək üçün bir fürsətdir.
Uşaq ailənin sevinci, evin nuru, cəmiyyətin gələcəyidir. Dünyaya göz açan hər bir körpə özü ilə birlikdə ümid, sevinc və yeni arzular gətirir. Uşaqların gülüşü həyatın ən gözəl musiqisidir. Bir evdə uşaq səsi eşidilirsə, orada həyat var, sevgi var, ümid var.
Lakin uşaqları sevmək təkcə onları əzizləmək demək deyil. Onları qorumaq, düzgün tərbiyə etmək, təhsil vermək, mənəvi dəyərlərlə böyütmək də hər bir valideynin və cəmiyyətin müqəddəs borcudur. Çünki bu gün böyütdüyümüz uşaqlar sabah ölkəmizi idarə edəcək, elmimizi inkişaf etdirəcək, Vətənimizi qoruyacaq insanlar olacaqlar.
Azərbaycan xalqı tarix boyu uşaqlara xüsusi qayğı və məhəbbətlə yanaşıb. Dövlətimiz də uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması və hüquqlarının qorunması istiqamətində mühüm addımlar atır. Məktəblər, uşaq bağçaları, idman və mədəniyyət mərkəzləri gələcəyimizin təminatı olan uşaqların inkişafına xidmət edir.
Təəssüf ki, dünyanın bəzi bölgələrində uşaqlar müharibələrin, aclığın, yoxsulluğun və zorakılığın qurbanına çevrilirlər. Uşağın yaşamalı olduğu yer səngər deyil, məktəbdir; eşitməli olduğu səs silah səsi deyil, müəllim səsi və valideyn nəvazişidir. Ona görə də uşaqların müdafiəsi yalnız bir günün deyil, hər günün məsuliyyəti olmalıdır.
Bu əlamətdar gündə bütün uşaqlara sağlam, xoşbəxt və işıqlı gələcək arzulayırıq. Qoy onların üzündən təbəssüm əskik olmasın, arzuları yarımçıq qalmasın, yolları daim uğurla işıqlansın.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları ürəkdən təbrik edir, onlara sevinc dolu uşaqlıq, valideynlərinə isə övlad xoşbəxtliyi arzulayırıq.
Uşaqlar bizim gələcəyimiz deyil, həm də bu günümüzün ən böyük xoşbəxtliyidir.