Milli Mənəviyyat qəzetinin Naxçıvan təmsilçisi AMAR HÜSEYN Tarixi ƏDALƏTİN BƏRPASI VƏ QALİBİYYƏTİ İLƏ TARİX YAZANLAR

Hər qələbə ədalətli olmur. Hər ədalətli yanaşma qələbə ilə nəticələnmir. Bütün xalqımızın 30 ilə yaxın zaman müddətində qəlbində daşıdığı acı, nisgil, həsrət, nəhayət,. 44 günlük II Qarabağ müharibəsində möhtəşəm qələbə ilə sona yetdi. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu. Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə imzalanmış bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsidir. Ermənistanın təslim olmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi idi – bu tarixi uğurla Ermənistan Ordusuna sarsıdıcı zərbə vuruldu. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib.
Ümumilikdə, ölkəmizdə hərbi sahəyə göstərilən diqqət və qayğı güclü ordumuzun formalaşması ilə nəticələnmişdir. Dövlət başçısı həmin gün mövcud vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!.. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq...!”
Tarixə “Vətən müharibəsi” kimi yazılan, Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğu bu savaş XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi oldu.
Bu müharibə, həm də dünya hərb tarixinə sülhsevər Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq edərək, Ermənistana öz şərtlərini diktə etmək istəyirdi və buna tam nail oldu. Müharibənin dayandırılmasına və düşməni təslimçilik aktına qol çəkməsinə məcbur edən Şuşa zəfəri bu qalibiyyətin əsl kulminasiya nöqtəsi oldu.
Uca qayaların üstündə yerləşən, heç bir hərbi texnikanın hərəkət edə bilmədiyi əraziyə – Şuşaya dişi-dırnağı ilə qalxan qəhrəman əsgərlərimiz düşmən üzərinə süngü-bıçaqla atılaraq onu yerindəcə boğdu. Ağlagəlməz və fziki cəhətdən mümkün olmayan bu əməliyyatla Azərbaycan əsgəri bütün dünyanı şoka saldı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, ən məşhur hərbi mərkəzlərin ekspertlərinin tədqiq etdiyi və öyrəndikləri “Şuşa əməliyyatı” Azərbaycanın dünyanın ən güclü orduya malik olduğunu bir daha göstərdi. Bundan əlavə, müharibənin gedişində Azərbaycan ordusunun fərqli metodlarla düşmənin bütün hava müdafiə sistemlərini, silah anbarlarını, gizlədilmiş digər hərbi obyektlərini tamamilə dağıdaraq çökdürməsi də dünya hərb elminə salınan və gələcəkdə hərbi kadrların hazırlanmasında tətbiq olunacaq əməliyyat nümunələridir.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi sənəddə təsbit edilib. Bununla faktiki olaraq həm də türk dünyası arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.
Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan Ali Baş Komandan bunları qeyd etmişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək mübarizə aparmasıdır. Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir.
Əsas şüarı “Qarabağ Azərbaycandır!” olan Vətən müharibəsi, həm də ölkəmizin bu haqq mübarizəsində ona siyasi və mənəvi dəstək olan dostlarının kim olduğunu göstərdi. Bu müharibə, hər şeydən əvvəl, “Bir millət, iki dövlət” olan qardaş Türkiyə Respublikasının siyasi və mənəvi dəstəyi ilə iki qardaş xalqın birlik və həmrəyliyini bir daha bütün dünyaya sübut etdi. 10 dekabr 2020-ci ildə Bakıda Azadlıq meydanında təşkil olunan Zəfər paradında Türkiyə və Azərbaycanın dövlət başçıları bu möhtəşəm tədbirdə birgə iştirak etdilər.
Bu, ədalətin bərpası, ordumuzun düşmənə verdiyi ən sarsıdıcı həyat dərsi, düşməndən alınmış ən ağır intiqam idi. Həmçinin Poladların, Xudayarların, Cəbrayılların intiqamı idi. Çox şükür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müqəddəs zirvənin fatehləri olan şəhidlərimizin ruhu indi şaddır.
Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi artıq ənənə halını alıb. Ölkə Başçısının bu səfərləri erməni vandallarının illərdir dağıtdıqları, daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat qaytarılacağını, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərə ruh və can veriləcəyindən xəbər verir.

Milli Mənəviyyat qəzetinin Naxçıvan təmsilçisi
AMAR HÜSEYN