ÖLÜMLƏRİ İLƏ ƏBƏDİLİK QAZANAN ÖLÜMSÜZLƏR.

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdir . Hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Dünya ölkələrinin təcrübəsinə baxsaq, daha çox vətənin yadelli işğalçılardan müdafiəsində iştirak edən görkəmli şəxsiyyətlərin adı həmin ölkələrin adı ilə qoşa çəkilir.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.
1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərcə igid övladı uca şəhidlik zirvəsinə yüksəlmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
I Qarabağ müharibəsində və Aprel döyüşlərində də minlərlə igidimiz öz canlarını Vətən uğrunda fəda etmişdir. Tarix yenidən təkrarlanmış, 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlamışdır.44 gün davam edən müharibə dövründə "Dəmir yumruq" əməliyyatı həyata keçirən qəhrəmanlarımız erməni işğalçılarını diz çökdürdü. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına böyük qələbə yaşatdı. Minlərlə Azərbaycanın qəhrəman oğlu ölümləri ilə əbədilik qazanıb ölümsüzləşdi. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması üçün 27 sentyabr Anım Günü təhsis edildi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 27 sentyabr Anım günü kimi qeyd edildi. 2021-ci il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Anım yürüşü təşkil olundu.
İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər. Şəhidlərin arzularının bir çoxu həyata keçmişdir. Azərbaycan suverenliyini təmin edib, onların arzuladıqları müstəqil dövlətimiz qurulub.
Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

Milli Mənəviyyat qəzetinin Naxçıvan təmsilçisi
AMAR HÜSEYN