İladi Öməroğlunun ən çox xoşladığım şerlərindən biri DEYİR şeri Baş redaktor Vəli Əliyev

Şerim olsun qoy sizlərə ərməğan,
Söz- hikməti anlamayır çox insan.
Kür-Arazı tanımayan səy-nadan,
Hər gördüyü kiçik arxa çay deyir.
*******
Dərd-azardı, məlalətdi öyünmək,
Dayazlığa dəlalətdi öyünmək.
Yamanlığa bir alətdi öyünmək,
Gəda var ki,mənəm şaha tay deyir.
*******
Neçəsi də saxlamayır əngini,
Pozur düzlük, ədalətin dəngini.
Tərifləyib-mədh eyləyir zəngini,
Bu iş mənə verilibdi pay deyir.
*******
Bəzisinin yox namusu-qeyrəti,
Doğrulara o, bəsləyir nifrəti.
Kim qazanır dövləti yox, hörməti,
O kişiyə, utanmadan zay deyir!
*******
İladi də mat qalıbdı cahana,
Baxan yoxdu heç oxuyub-yazana.
İmkanlıya, kələkbaza, yamana,
Təmənnalı günəş deyir, ay deyir!
*********************************