✍️ Vəli Əliyev yazır... Hər parlayan qızıl olmur


Atalarımızın əsrlərdən bəri söylədiyi "Hər parlayan qızıl olmur" kəlamı həyatın ən böyük həqiqətlərindən biridir. İnsan bəzən zahiri görünüşə, şirin sözlərə, saxta təbəssümlərə aldanır və qarşısındakı insan haqqında yüksək fikirlər formalaşdırır. Lakin zaman keçdikcə həmin insanların əsl siması üzə çıxır və ilk təəssüratların hər zaman doğru olmadığını anlayırıq.
Maraqlıdır ki, bəzi insanlar haqqında xoş söz deyəndə, onları tərifləyəndə və ya onlara dəyər verdiyini göstərərkən onların həqiqi xarakteri daha aydın görünür. Kimi minnətdarlıq etməyi bacarır, kimi isə gördüyü hörməti özünə haqq hesab edir. Kimi təvazökarlığını qoruyur, kimi isə birdən-birə özünü hamıdan üstün saymağa başlayır.
İnsanları tanımağın ən yaxşı yollarından biri onlara verilən dəyərin qarşılığında göstərdikləri münasibətə baxmaqdır. Çünki xarakter çətin gündə də, rahat gündə də özünü göstərir. Tərif insanın daxilində gizlənən xüsusiyyətləri üzə çıxaran bir güzgüdür. Bəzən bir xoş söz illərlə gizlənən təkəbbürü, bəzən isə gözəl qəlbi ortaya qoyur.
Həyatda elə insanlarla rastlaşırıq ki, onlar haqqında müsbət fikir söylədikcə daha da təvazökar olurlar. Belələri hörmətə hörmətlə, sevgiyə sevgi ilə cavab verirlər. Amma elələri də var ki, bir neçə xoş söz eşidən kimi dəyişir, özlərini əlçatmaz hesab edir, hətta onlara dəyər verən insanları belə unuturlar.
Buna görə də insanları qiymətləndirərkən tələsməmək lazımdır. Zaman ən böyük hakimdir. O, saxtalığı da, səmimiyyəti də gec-tez üzə çıxarır. Əsl qızıl odun içində necə saflaşırsa, əsl insan da zamanın və həyatın sınaqlarında tanınır.
Unutmayaq ki, parıltı həmişə dəyər demək deyil. Dəyər insanın qəlbində, vicdanında, əməllərində gizlidir. Hər parlayan qızıl olmadığı kimi, hər gözəl görünən də gözəl xarakter sahibi olmur. İnsanları sözlərinə görə deyil, davranışlarına görə tanımaq lazımdır. Çünki əsl üz gec-tez görünür, həqiqət isə bir gün mütləq ortaya çıxır.