✍️ Vəli Əliyev yazır... Yaxşılıq elə pislikdir ki, onu mənə etməsinlər!



Bu ifadəni ilk dəfə eşidən adam düşünə bilər ki, müəllif yaxşılığın əleyhinədir. Xeyr! Mən yaxşılığın yox, yaxşılıq adı altında edilən mənəvi əsarətin əleyhinəyəm.

Həyatda elə insanlar var ki, sənə bir dəfə yaxşılıq edərlər, sonra isə ömür boyu onun hesabını apararlar. Fürsət düşən kimi etdiklərini xatırladar, səni özlərinə borclu göstərməyə çalışarlar. Sanki bir fincan çay veriblərsə, əvəzində səndən bir ömür itaət gözləyirlər.

Belə insanlar üçün yaxşılıq xeyirxahlıq deyil, sərmayədir. Onlar etdikləri yaxşılığı insanın qəlbində minnətdarlıq yaratmaq üçün yox, boynuna görünməz zəncir salmaq üçün edirlər. Hər söhbətdə, hər mübahisədə, hər münasibətdə həmin yaxşılığı ortaya atırlar. Sanki deyirlər: "Mən sənə yaxşılıq etmişəm, indi mənə borclusan."

Halbuki həqiqi yaxşılıq qarşılıq gözləmədən ediləndir. Yaxşılıq odur ki, onu edən sabah unutmağa hazır olsun. Əgər edilən yaxşılıq daim xatırladılırsa, deməli o, yaxşılıq olmaqdan çıxıb alverə çevrilib.

Mənə edilən yaxşılıq sonradan başıma vurulacaqsa, hər addımımda qarşıma çıxarılacaqsa, mənə minnət qoyulacaqsa, belə yaxşılıqdan uzaq olmaq daha yaxşıdır. Çünki insanı maddi borcdan çox, mənəvi borc yorur.

Ona görə də bəzən deyirəm: "Yaxşılıq elə pislikdir ki, onu mənə etməsinlər!" Çünki bəzi yaxşılıqlar insanı sevindirmək üçün deyil, onu bir ömür borclu saxlamaq üçün edilir.

Əsl yaxşılıq edən isə etdiyi yaxşılığı danışmaz, reklam etməz, başa vurmaz. O bilir ki, yaxşılığın ən böyük mükafatı insanın qəlbində qalmasıdır, dilində dolaşması yox.

Yaxşılıq böyüklükdür. Amma yaxşılığı minnətə çevirmək həm yaxşılığın, həm də insanlığın dəyərini azaldır.