✍️ Vəli Əliyev yazır... Azərbaycan Güləşinin Gələcəyini Yetişdirən Məşqçi
---
Dünən, 12:36
70
Azərbaycan idmanının beynəlxalq arenalarda qazandığı uğurların təməlində peşəkar məşqçilərin əməyi, zəhməti və uzaqgörən fəaliyyəti dayanır. Belə mütəxəssislərdən biri də Azərbaycanın 15 yaşadək sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Namiq Quliyevdir.
1997-ci ildən məşqçilik fəaliyyəti ilə məşğul olan təcrübəli mütəxəssis son illərdə Azərbaycan güləşinin inkişafına mühüm töhfələr verib. Xüsusilə 2021–2026-cı illəri əhatə edən dövrdə onun rəhbərliyi altında əldə olunan nəticələr ölkə idman tarixində xüsusi yer tutur.
Namiq Quliyevin rəhbərlik etdiyi U-15 milli komandası 2024-cü ilin may ayında Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında tarixi uğura imza atdı. Azərbaycan yığması 140 xal toplayaraq komanda hesabında Avropa çempionu oldu. Bu, ölkəmizin U-15 sərbəst güləş tarixində ilk belə nailiyyət idi. Komandamız Gürcüstan və Türkiyə kimi güclü güləş məktəblərini geridə qoyaraq zirvəyə yüksəldi.
Çempionatda Azərbaycan güləşçiləri 1 qızıl, 3 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazandılar. İbrahim Həsənovun qazandığı qızıl medal isə komandanın uğur salnaməsinin ən parlaq səhifələrindən birinə çevrildi.
Əldə olunan uğurların təsadüfi olmadığı 2025-ci ildə bir daha sübut olundu. Namiq müəllimin rəhbərliyi altında milli komanda nəticələrini daha da yaxşılaşdırdı. Finalçıların sayı artdı, qazanılan qızıl medalların sayı ikiqat yüksəldi. Bu isə məşq prosesinin düzgün qurulduğunu, sistemli və məqsədyönlü fəaliyyətin bəhrəsini göstərirdi.
Təcrübəli məşqçinin ən böyük xidmətlərindən biri yalnız medal qazandırmaq deyil, həm də aşağı yaş qruplarında peşəkar hazırlıq sisteminin formalaşdırılmasıdır. Son illərdə Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə təşkil olunan təlim-məşq toplanışları, müasir infrastruktur və elmi-metodiki yanaşma uşaqların inkişafına yeni imkanlar açıb.
Namiq Quliyev erkən yaşlarda idmançıların ağır fiziki yüklənmələrə məruz qalmasının əleyhinə çıxaraq onların əvvəlcə gimnastika, elastiklik və təhlükəsiz yıxılma texnikalarını mənimsəməsinə üstünlük verir. Bu metodika gənc idmançılar arasında zədələrin minimuma enməsinə və onların daha sağlam inkişaf etməsinə şərait yaradır.
Bu gün Azərbaycanın böyüklərdən ibarət milli komandasının gələcək uğurlarının təməli məhz belə peşəkar məşqçilərin fəaliyyəti nəticəsində qoyulur. Namiq Quliyevin yetişdirdiyi yeniyetmələr gələcəyin Avropa, dünya və Olimpiya çempionları kimi qiymətləndirilirlər.
Şübhəsiz ki, onun uzun illərin zəhməti hesabına qurduğu sistem Azərbaycan güləşinin gələcək qələbələrinin möhkəm fundamentidir. Gənc istedadların üzə çıxarılması, onların peşəkar idmana hazırlanması və beynəlxalq arenalarda ölkəmizin şərəfini layiqincə qoruması istiqamətində gördüyü işlər Namiq Quliyevin adını Azərbaycan idmanının inkişafına böyük töhfə vermiş mütəxəssislər sırasında xüsusi yerə yüksəldir.





















