✍️Vəli Əliyev yazır... MƏHƏRRƏMLİK – MATƏM, MƏNƏVİYYAT VƏ İNSANLIQ MƏKTƏBİ




Bu gün – 16 iyun 2026-cı il tarixində müqəddəs Məhərrəm ayı başlayır. İslam aləmində xüsusi mənəvi əhəmiyyət daşıyan bu ay əsrlər boyu müsəlmanların yaddaşında Kərbəla faciəsinin, haqq uğrunda mübarizənin və fədakarlığın rəmzi kimi yaşamaqdadır. Azərbaycanda da Məhərrəmlik ayı dərin ehtiramla qeyd olunur, insanlar İmam Hüseynin (ə) və onun silahdaşlarının xatirəsini anır, onların göstərdiyi mərdlik və əqidə nümunəsindən mənəvi dərslər götürürlər.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının dini-mənəvi dəyərlərinə hər zaman böyük hörmətlə yanaşmışdır. O, dəfələrlə vurğulayırdı ki, xalqın milli-mənəvi irsinin qorunması dövlətçiliyin möhkəmlənməsinin vacib şərtlərindən biridir. Məhərrəm ayının mahiyyətini yalnız matəm deyil, həm də mərhəmət, xeyirxahlıq, birlik və insanlara yardım etmək kimi ali dəyərlərdə görən Heydər Əliyev Aşura günlərində qanvermə aksiyalarının keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Sonralar bu təşəbbüs ölkəmizdə gözəl və humanist ənənəyə çevrildi. Bu gün minlərlə insan Aşura günü qan verərək xəstələrin həyatının xilas olunmasına töhfə verir.

Əslində Kərbəla dərsi də məhz budur: insanın öz mənfəətindən üstün tutduğu ali məqsədlər, haqq və ədalət uğrunda mübarizə. İmam Hüseynin (ə) şəhadəti əsrlər keçsə də, insanları vicdana, dürüstlüyə və mənəvi saflığa çağırır.

Məhərrəmlik ayı həm də özünüdərketmə ayıdır. Bu günlərdə hər bir insan keçdiyi yola nəzər salır, yaxşı əməllərini artırmağa, ehtiyacı olanlara yardım etməyə çalışır. İslamın ruhuna uyğun olaraq xeyirxahlıq, mərhəmət və insan sevgisi ön plana çıxır. Azərbaycanda dini mərasimlərin sağlam və mənəvi mahiyyətə uyğun keçirilməsi də bu dəyərlərin qorunmasına xidmət edir.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri modeli ölkəmizdə dini etiqad azadlığının, milli-mənəvi dəyərlərin və tolerantlıq ənənələrinin qorunmasına geniş imkanlar yaradıb. Bu siyasət bu gün də uğurla davam etdirilir və Azərbaycan dünyaya multikulturalizm, qarşılıqlı hörmət və dini həmrəylik nümunəsi göstərir.

Məhərrəm ayının başlanması münasibətilə bütün müsəlmanlara səbir, mənəvi kamillik və xeyirxah əməllərlə dolu günlər arzulayırıq. Qoy bu müqəddəs ay hər birimizin qəlbində insanlıq, mərhəmət və ədalət hisslərini daha da gücləndirsin.
Baş redaktor:
Vəli Əliyev