✍️ Vəli Əliyev yazır... ƏLİNDƏ ÇÖRƏK OLANDA İT DƏ YAXININA GƏLƏR...
İnsan münasibətlərinin sınağı, sədaqətin həqiqi üzü və çətin günlərin öyrətdiyi həyat dərsi
Həyatın elə həqiqətləri var ki, onları nə kitabdan öyrənmək mümkündür, nə də kimsənin nəsihəti ilə tam anlamaq. İnsan bu həqiqətləri yalnız yaşayaraq, insanları tanıyaraq, bəzən də xəyal qırıqlığına uğrayaraq dərk edir.
Bir lövhədə yazılmış bu sözlər əslində böyük bir həyat fəlsəfəsini ifadə edir: «Kişinin çətin günündə yanında olmaq lazımdır. Əldə çörək olanda it də yaxınına gələr...»
Bu ifadənin arxasında düşündürücü bir həqiqət dayanır. İnsan xoş günündə çoxlarının diqqətini çəkir. Süfrəsi dolu, cibində pulu, vəzifəsi, nüfuzu və imkanları olanda ətrafında dostların, tanışların, məsləhətçilərin sayı artır. Hamı onunla bir yerdə olmaq, uğuruna şərik çıxmaq istəyir.
Amma həyatın küləyi əks istiqamətdən əsəndə mənzərə dəyişir. İmkanlar azalanda, çətinliklər başlayanda, insanın qapısı əvvəlki qədər döyülməyəndə həqiqi münasibətlərin mahiyyəti üzə çıxır.
Məhz həmin vaxt kimin dost, kimin tanış, kimin isə yalnız maraq güdən biri olduğu bəlli olur.
Əsl dost insanın var-dövlətinə deyil, varlığına dəyər verəndir.
Dostluq süfrədə oturmaq, xoş sözlər söyləmək, uğura alqış tutmaqdan ibarət deyil. Dostluq insanın ən çətin anında onun əlindən tutmaq, heç nə tələb etmədən yanında dayanmaq, bəzən bir kəlmə təsəlli ilə qəlbinə güc verməkdir.
Unutmayaq ki, insanın dəyəri cibindəki pulla, oturduğu kreslo ilə, daşıdığı vəzifə ilə ölçülmür. İnsanlığın ölçüsü onun vicdanında, mərhəmətində, sədaqətində və başqasına münasibətindədir.
Təəssüf ki, bəziləri insanı şəxsiyyətinə görə deyil, imkanlarına görə qiymətləndirir. Bu gün ehtiyacı olanda qapını döyür, sabah işi düzələndə salam verməyə belə vaxt tapmır. Halbuki həyat daim dəyişir. Bu gün kömək edən sabah köməyə möhtac ola bilər. Bu gün yuxarıda dayanan sabah aşağı düşə bilər.
Ona görə də heç kəsi çətin gününə görə mühakimə etməyin. Heç kimin zəif anından istifadə etməyin. Çünki insanın başına gələnlər onun xarakterini deyil, bəzən ətrafındakıların xarakterini üzə çıxarır.
Mənəviyyatın ən böyük göstəricisi insanın güclü vaxtında deyil, başqasının zəif vaxtında necə davranmasıdır.
Bir insanın yanında olmaq üçün onun varlı olmasına ehtiyac yoxdur. Bəzən bir telefon zəngi, bir səmimi salam, bir hal-əhval tutmaq belə böyük mənəvi dəstəkdir.
Unutmayaq: çörək bölüşmək mərhəmətdir, çətinliyi bölüşmək isə sədaqət!
Həyatda elə insanlar seçək ki, süfrəmiz boşalanda da yanımızda qalsınlar. Elə dost olaq ki, dostumuzun çətinliyi bizi ondan uzaqlaşdırmasın.
Çünki dünya malı gəldi-gedərdir, vəzifə müvəqqətidir, şöhrət ötəridir. Amma insanın yaddaşında qoyduğu yaxşılıq, sədaqət və mənəvi iz uzun müddət yaşayır.
İnsan axtaranda imkanlı dost deyil, dar gündə əlindən tutan dost axtarmalıdır.
Vəli Əliyev
Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru












