İctimai iaşə obyektlərində təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməlidir!
Səhiyyə və Sağlamlıq
5-09-2024, 17:08
81
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalıdır. İctimai iaşə obyektlərində sanitar-gigiyenik normalar gözlənilməli, təmizlik və dezinfeksiya işlərinə dair tələblərə əməl edilməlidir.
Yuyucu maddələr və dezinfeksiyaedici vasitələr qida məhsullarının istehsal və emal olunduğu yerlərdə saxlanmamalıdır. Onların ayrıca saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməlidir. Belə maddə və vasitələr təhlükəli vəziyyətə səbəb olmaması üçün boş qida məhsulu qablarına qoyulmamalı, asanlıqla oxuna biləcək qaydada işarələnmiş xüsusi qablarda saxlanmalıdır. Təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. Həmin şəxs tərəfindən təmizlik və dezinfeksiya işlərinin dövriliyi təmin olunmalıdır. Eyni zamanda tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə və dezinfeksiyanın aparılması qaydalarına riayət edilməlidir.
Bu qaydalara əməl olunmadıqda, bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün xoşagəlməz hadisələrə səbəb ola bilər.