✍️Vəli Əliyev yazır... GÖZ XOŞUNA GƏLƏNİ, AĞIL BAŞA DÜŞƏNİ, RUH İSƏ ÖZÜNƏ BƏNZƏYƏNİ SEVƏR
Mənəvi dəyərlər
Bu gün, 06:39
42
İnsan varlığı yalnız gözlə gördüklərindən ibarət deyil. Biz dünyanı əvvəlcə gözlərimizlə görür, sonra ağlımızla dərk edir, ən sonda isə ruhumuzla qiymətləndiririk. Elə buna görə də gözün bəyəndiyi hər şey ürəyə və ruha yaxın olmur.
Deyirlər: “Göz xoşuna gələni sevər, ağıl onu başa düşəni sevər, amma ruh ona bənzəyəndən başqasını sevə bilməz.”
Bu fikrin içində insan münasibətlərinin böyük bir həqiqəti gizlənir.
Göz zahiri gözəlliyə aldanır. Gözəl görünüş, xoş sima, səliqəli geyim, cazibəli davranış insanda ilk təəssüratı yaradır. Amma gözün gördüyü yalnız insanın görünən tərəfidir. Göz xarici görünüşü seçə bilər, lakin insanın daxilində nələrin baş verdiyini görə bilməz.
Ağıl daha dərinə gedir. İnsan danışdıqca, düşündükcə, davranışları ilə özünü göstərdikcə ağıl onun xarakterini, dünyagörüşünü, düşüncəsini anlamağa başlayır. Ağıl artıq “gözəldir” deməklə kifayətlənmir, “məni anlayırmı, mən onu anlayırammı?” sualını verir.
Amma ruh tamam başqa ölçüdür.
Ruh nə zahiri görünüşə, nə də yalnız sözə baxır. Ruh səmimiyyət axtarır. Saflıq, vicdan, mərhəmət, sədaqət və mənəvi uyğunluq istəyir. Ruh qarşısındakı insanda özündən bir parça görəndə rahatlıq tapır.
Bəzən heç bir səbəb olmadan bir insan bizə doğma gəlir. Onunla çoxdan tanış olmamışıq, bəlkə də haqqında çox şey bilmirik. Amma yanında özümüzü rahat hiss edirik. Çünki ruhlar arasında görünməyən bir yaxınlıq yaranır.
Əksinə, elə insanlar da var ki, zahirən çox gözəl, danışığı çox təsirli, davranışı isə çox nəzakətli görünür. Lakin zaman keçdikcə anlayırsan ki, görünənlə görünməyən arasında böyük fərq var. Göz onu bəyənmişdi, ağıl müəyyən qədər qəbul etmişdi, amma ruh onu qəbul etməmişdi.
Çünki ruh yalanı gec-tez hiss edir.
İnsan münasibətlərində ən böyük sərvət də məhz budur: bir-birini zahiri görünüşə görə deyil, mənəvi mahiyyətinə görə tanımaq.
Həqiqi dostluq da, həqiqi sevgi də, səmimi insan münasibəti də ruhların bir-birini tanıdığı yerdə başlayır. Orada hesablama azalır, mənfəət arxa plana keçir, səmimiyyət önə çıxır.
İnsan həyatda çox adamla tanış ola bilər. Amma hər tanış doğma olmur, hər gülüş səmimi olmur, hər “dostam” deyən dost olmur.
Göz aldana bilər, ağıl yanına bilər, amma təmiz ruhun hiss etdiyi mənəvi həqiqət çox vaxt insanı yanıltmır.
Ona görə də insanı yalnız necə göründüyünə görə deyil, necə düşündüyünə, necə davrandığına və daxilində hansı mənəvi dəyərləri daşıdığına görə qiymətləndirmək lazımdır.
Çünki gözün seçdiyi insan həyatımıza qonaq kimi daxil ola bilər, ağlın seçdiyi insan həyatımızda yer tuta bilər, amma ruhun seçdiyi insan yaddaşımızda və mənəvi dünyamızda iz buraxar.
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.


















