ÇİLLƏ BAYRAMINIZ MÜBARƏK!
Mənəvi dəyərlər
21-12-2023, 10:01
168
Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Xalq arasında "ağırlıq, dərd, kəramət, xəstəlik" mənalarında da başa düşülür.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, "çillə" adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) davam edir.
Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur.
Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, "ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim". Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Qarpızın qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz.