✍️Vəli Əliyev yazır... 5 OKTYABR — MÜƏLLİMLƏR GÜNÜ


Müəllimə hörmət yalnız bir gün xatırlanmaqla ölçülməməlidir

Müəllim cəmiyyətin gələcəyini yetişdirən, insanın həyat yoluna istiqamət verən ən məsuliyyətli peşə sahiblərindən biridir. 5 Oktyabr — Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edirəm.

Amma bu gün yalnız təbrik günü deyil, həm də müəllimlik peşəsinin məsuliyyəti haqqında düşünmək günüdür.

Hər dərs deyən insan həqiqi müəllim ola bilməz. Əsl müəllim şagirdinə yalnız bilik vermir, ona düşünməyi, araşdırmağı, doğru ilə yanlışı ayırmağı və ən əsası, insan olmağı öyrədir.

Təəssüf ki, bəzən müəllim adına layiq davranmayan, şagirdi şəxsiyyət kimi deyil, yalnız qiymət alan biri kimi görən yanaşmalarla da qarşılaşırıq. Müəllim şagirdi qorxutmamalı, düşündürməlidir; alçaltmamalı, inkişaf etdirməlidir; ayrı-seçkilik etməməli, ədalətli olmalıdır.

MƏNİM ÜÇÜN XÜSUSİ OLAN MÜƏLLİMLƏR

Bu əlamətdar gündə həyatımda xüsusi izi olan, mənə təhsil və həyat yolunda bilik verən müəllimlərimi ayrıca təbrik edirəm.

İlk növbədə, Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyində mənə dərs deyən bütün müəllimlərimi dərin hörmətlə salamlayıram. Bu məktəbin mənim həyatımda xüsusi yeri var. Çünki vaxtilə burada özüm təhsil almışam. Bu gün isə oğullarım İgid və Nadir də həmin məktəbdə oxuyurlar.

Bu münasibətlə İgid və Nadirə dərs deyən bütün müəllimləri də xüsusi olaraq təbrik edirəm. Bir vaxtlar mənim müəllimlərim olan insanların bu gün övladlarımın müəllimləri olması mənim üçün böyük qürur və mənəvi bağdır.

Həmçinin Bakı Dövlət Universitetinin nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində və İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə mənə dərs deyən müəllimlərimi hörmət və minnətdarlıq hissi ilə təbrik edirəm.

Təhsil yolumun digər mühüm mərhələsi Bakı İslam Universiteti olub. Bu universiteti bitirərkən mənə bilik və mənəvi dəyərlər aşılayan bütün müəllimlərimi bu gün xüsusi ehtiramla yad edirəm.

Lənkəran Dövlət Universiteti isə mənim ikinci ali təhsil aldığım universitetdir. Burada mənə dərs deyən, öz bilik və təcrübələrini mənimlə bölüşən bütün müəllimlərə xüsusi təşəkkürümü bildirirəm. İkinci ali təhsil həyatımda LDU-nun və onun müəllimlərinin mənim üçün ayrıca yeri var.

İllər keçir, insan böyüyür, həyat dəyişir, amma müəllimin verdiyi bilik və söylədiyi doğru söz insanın yaddaşında uzun illər yaşayır.

Əsl müəllimin ən böyük mükafatı şagirdinin uğurudur. Şagird müəllimini keçəndə müəllim uduzmur — öz əməyinin bəhrəsini görərək qalib olur.

Bütün vicdanlı, savadlı, ədalətli və fədakar müəllimlərimizi ürəkdən təbrik edirəm.

Qoy müəllimə hörmət yalnız 5 Oktyabrda deyil, hər gün yaşansın.

Çünki müəllimə verilən ən böyük qiymət bir buket gül deyil, onun yetişdirdiyi layiqli insandır.

5 Oktyabr — Müəllimlər Gününüz mübarək!

Dərin hörmət və minnətdarlıqla,

Vəli Əliyev

Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.