Papaq üşüyür
Ədəbiyyat
11-01-2024, 06:17
260
Əldə titrəyən qələmim,
Gözləyən vərəq üşüyür.
Ulduzlardan uzaq düşub,
Tənhadır torpaq üşüyür.
Damağında yazın dadı,
İlıq mehlə nazın dadı.
Payız sarıya boyadı,
Düşəcək, yarpaq üşüyür.
Kirli gözlərin himindən,
Söz qabanın deyimindən,
Kimi qalın geyimindən,
Kimisi çılpaq üşüyür.
Həm yerdən, həm göydən gələn,
Qadağalar ağır şələn,
Üzümüzə silkələnən,
Havada barmaq üşüyür.
Bağbanı var, bağı yoxdur,
Sürüsü var, dağı yoxdur,
Saqqalı var, bığı yoxdur,
Düşübdür yaşmaq üşüyür.
Babam, yatma, artıq oyan,
Yol tükənib, ay yol qoyan.
Başsız qalıb mürgülüyən,
Mıxçada papaq üşüyür.
26.12.2023.
Qorxmaz Kadusi.