✍️Vəli Əliyev yazır... Salam verdim, təkəbbürlükdən almadı!



​Lənkəran Dövlət Universitetində (LDU) yüksək mədəniyyətə və elmi potensiala malik müəllimlərin fəaliyyət göstərməsi bizi nə qədər sevindirsə də, təəssüf ki, tələbələrlə kobud rəftar edən, onları ruhdan salan, hətta adi bir salamı belə özünə rəva bilməyən pedaqoqların varlığı da bir o qədər təəccüb və təəssüf doğurur. Bu barədə çox düşünürdüm. Çünki insan hadisələrin birbaşa içində olduqda həqiqəti daha dərindən hiss edir. Uzun müddətdir beynimi məşğul edən bu sualların cavabını, nəhayət, bu gün LDU-nun rektoru Natiq İbrahimovla qarşılaşanda tapdım və anladım ki, bəzi müəllimlərin bu xoşagəlməz rəftarı məhz rektorun "nümunəvi" davranışının bariz nəticəsidir.
17 iyun 2026 -cı il səhər ​Universitetin həyətində tələbələrlə əyləşmişdik. Rektor bizə tərəf yaxınlaşanda mən dərhal ayağa qalxıb ona hörmətlə salam verdim. Lakin o, salamımı almaq əvəzinə, acı və sərt sözlərlə məni danlamağa başladı. Vəzifəli şəxsə yaxınlaşıb salam verməyin "etik qaydalara uyğun olmadığını" iddia edərək, prorektor Zaur müəllimə dərhal göstəriş verdi: "Bunu kəsin!" Yəni, imtahanlardan keçməyimə və universitetdə təhsil almağıma mane olunması barədə açıq tapşırıq verdi.
​Mən isə cavabında universitetdə əksər tələbələrin kəsirinin olduğunu, qiyabi təhsil alanlar arasında demək olar ki, heç bir əlaçının qalmadığını və bu vəziyyətin dözülməz həddə çatdığını bildirdim. Rektor isə kobud şəkildə ölkədə LDU kimi yüksək təhsil verən ikinci bir universitetin olmadığını iddia edərək üzünü çevirib getdi.
​Tələbələrin qəlbini sındıran, onları pərt edən və problemlərini dinləmək istəməyən bu rəhbər şəxsin davranışı məni dərindən məyus etdi. Hətta ona salam verdiyim üçün böyük peşmanlıq hissi keçirdim. Artıq 4 il idi ki, onun qəbuluna düşə bilmirdim. Bu gün qarşılaşanda həyəcanlandığımı dedikdə isə o, "Məni buralarda gəzəndə görə bilərdin" deyərək, tələbəni normal şəkildə qəbul etmədiyini və dinləmədiyini öz dili ilə etiraf etmiş oldu.
​Bu universitetdə oxuduğum üçün çox peşmanam. Gənclərdə dövlətimizə, millətimizə, elmə və təhsilə sevgi yaratmaq əvəzinə, onları ruhdan salan və incidən bu cür təhsil mühiti heç kimə lazım deyil.