✍️ Vəli Əliyev yazır... Tələbəni dinləmək də təhsilin bir hissəsidir



Təhsil ocaqları yalnız bilik verilən məkan deyil. Burada gənclərin dünyagörüşü formalaşır, onların cəmiyyətə münasibəti, insanlarla ünsiyyət bacarığı və gələcəyə inamı yaranır. Məhz buna görə də universitet mühitində qarşılıqlı hörmət və anlayış xüsusi əhəmiyyət daşıyır.

Lənkəran Dövlət Universitetində yüksək mədəniyyətə malik, tələbələrə qayğı ilə yanaşan, öz davranışları ilə nümunə göstərən müəllimlər az deyil. Onların əməyi tələbələrin uğurlarında mühüm rol oynayır. Lakin bəzən tələbələrə qarşı sərt münasibət, onların fikirlərinə laqeyd yanaşılması kimi hallar da müşahidə olunur ki, bu da gənclərdə məyusluq yaradır.

Uzun müddət idi ki, bəzi hallarda tələbələrin niyə özlərini narahat və ya dinlənilməmiş hiss etdiklərini düşünürdüm. Bu barədə müxtəlif fikirlərim olsa da, yaşadığım bir hadisə məni daha çox düşündürdü.

Universitetin həyətində tələbə yoldaşlarımla söhbət etdiyimiz zaman universitet rəhbərliyi ilə qarşılaşdıq. Hörmət əlaməti olaraq ayağa qalxıb salam verdim. Həmin anda tələbə kimi universitetdə mövcud olan bəzi məsələlər barədə fikirlərimi bildirmək və narahatlıqlarımı çatdırmaq istədim. Lakin söhbət gözlədiyim kimi alınmadı. Özümü dinlənilməmiş hiss etdim və bu məni məyus etdi.

Əslində tələbənin ən böyük istəyi onun sözünə qulaq asılmasıdır. Hər bir tələbənin problemləri, təklifləri və gələcəklə bağlı düşüncələri var. Onları dinləmək zəiflik deyil, əksinə, sağlam təhsil mühitinin göstəricisidir. Çünki tələbə universitetin əsas iştirakçılarından biridir və onun fikri də dəyərli olmalıdır.

Mən hesab edirəm ki, təhsil müəssisələrində tələbə ilə rəhbərlik arasında qarşılıqlı etimad və səmimi ünsiyyət mühiti daha da gücləndirilməlidir. Tələbələr öz problemlərini rahat şəkildə ifadə edə bilməli, rəhbərlik isə onları dinləməyə hazır olmalıdır. Belə olduqda həm təhsilin keyfiyyəti yüksələr, həm də gənclərin universitetə bağlılığı daha da artar.

Universitet yalnız auditoriyalar və imtahanlardan ibarət deyil. Universitet həm də insan münasibətləridir. Tələbəni dinləmək, onun fikirlərinə hörmətlə yanaşmaq və özünü bu böyük ailənin bir üzvü kimi hiss etdirmək təhsilin ayrılmaz hissəsidir.

İnanıram ki, tələbə ilə rəhbərlik arasında qarşılıqlı anlaşma və hörmət mühiti nə qədər güclü olarsa, təhsilimizin gələcəyi də bir o qədər uğurlu olar.