MÜZƏFFƏR LİDERƏ EHTİRAMLA
Təbriklər
24-12-2025, 07:10
70
Bu gün müasir Azərbaycan tarixinin ən parlaq simalarından birinin – Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gün münasibətilə “Milli Mənəviyyat” qəzetinin bütün kollektivi adından xalqımızın seçdiyi, tariximizin taleyüklü anlarında qətiyyət və müdriklik nümunəsi göstərmiş dövlət başçısını səmimi-qəlbdən təbrik edirik.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illərdə misilsiz uğurlara imza atmış, milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Bu yol asan yol olmamışdır. Lakin prinsipiallıq, strateji düşüncə, milli maraqlara sədaqət və xalqla möhkəm bağlılıq bu yolu Zəfər yoluna çevirmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyinin sarsılmazlığını bütün dünyaya sübut etmişdir. Tarixi ədalətin bərpası, torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyinin tam təmin olunması onun qətiyyətli liderliyinin, uzaqgörən siyasətinin və xalqına olan sonsuz inamının nəticəsidir. Bu Zəfər təkcə hərbi qələbə deyil, milli ruhun, milli mənəviyyatın, tarixi yaddaşın qələbəsidir.
Cənab Prezidentin siyasətinin əsas xəttini təşkil edən xalqın rifahı, sosial ədalət, milli dəyərlərin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi bu gün də Azərbaycan cəmiyyətinin inkişafında mühüm rol oynayır. Təhsil, mədəniyyət, elm, milli irs və mənəvi dəyərlər daim dövlət siyasətinin prioritet istiqamətləri sırasında olmuşdur. Bu da onu göstərir ki, güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, mənəvi dayaqlarla da möhkəm olur.
“Milli Mənəviyyat” qəzeti olaraq biz hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız bugünün deyil, gələcək nəsillərin də ümid yeri olan bir dövlətə çevrilmişdir. Bu siyasət milli kimliyimizi qoruyan, tariximizə sahib çıxan və gələcəyə inamla baxan bir siyasətdir.
Bu əlamətdar gün münasibətilə cənab Prezident İlham Əliyevə möhkəm can sağlığı, uzun ömür, ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, xalqımızın rifahı, dövlətimizin daim qüdrətli və qalib olması naminə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirik.
Azərbaycan xalqı Sizinlədir. Azərbaycan dövləti Sizinlə güclüdür.
Hörmətlə:
Vəli Əliyev
“Milli Mənəviyyat” qəzetinin
Baş redaktoru.




















