Ustadlıq adı ilə kobudluq olmaz
Mənəvi dəyərlər / Tənqid / Mədəniyyət və İncəsənət
Dünən, 05:10
52
Azərbaycan aşıq sənəti yüz illərin süzgəcindən keçmiş, təkcə sazın səsi ilə deyil, əxlaq, mərifət və davranış mədəniyyəti ilə ayaqda qalmış bir sənətdir. Bu sənətdə “ustad” sözü yalnız yaşın və ya tanınmışlığın deyil, mənəvi məsuliyyətin göstəricisi sayılıb. Təəssüf ki, bəzən bu adın arxasında gizlənən davranışlar həmin müqəddəs anlayışı kölgə altına alır.
Qocaman aşıq Ədalət Dəlidağlının gənc aşıq Fəqan Ucarlının sənətinə qarşı məclislərin birində nümayiş etdirdiyi kobud və etikadan uzaq davranış cəmiyyətin haqlı narazılığına səbəb olub. Məsələ təkcə sazın üzərindəki səs yüksəldicinin istənilməsi və verilməməsi deyil. Məsələ həmin an deyilən “vermirsən, cəhənnəmə vermə” kimi ifadənin ictimai məkanda, sənət adamına, üstəlik gənc bir sənətkara qarşı işlədilməsidir.
Bu ifadə nə aşıq ədəb-ərkanına, nə ustad-şagird münasibətinə, nə də mədəniyyət işçisinin davranış kodeksinə sığır. İctimaiyyət qarşısında deyilən hər söz sahibinin nüfuzunu daşıyır. Təəssüf ki, bu halda deyilən söz ustad adına yox, qısqanclıq və nəzarətsiz emosiyaya işarə etdi.
Əvvəllər ustadlar gənclərin sazını kökləyərdi, bu gün isə bəziləri o sazın səsini boğmağa çalışır. Keçmişdə ustad gəncin arxasında dağ idi, indi isə bəzən gəncin qarşısında səddə çevrilir. Bu, tək bir insana yox, bütövlükdə sənətə vurulan zərbədir.
Unutmaq olmaz ki, gənc aşıqlar bu sənətin sabahıdır. Onların heysiyyətini sındırmaqla nə ustadlıq qorunur, nə də hörmət qazanılır. Əksinə, bu cür davranışlar ustadın illərlə qazandığı nüfuzu bir anın içində ictimai qınağa çevirir.
Bu gün dinləyici də, izləyici də, oxucu da yalnız sazın səsini yox, saz sahibinin duruşunu qiymətləndirir. Sənətkarın dili sazı qədər təmiz olmalıdır. Əks halda, o saz nə qədər köklü səslənsə də, mənəvi boşluq qulaqdan çox vicdanı incidir.
Cəmiyyət haqlı olaraq sual verir:
Ustadlıq yaşdadır, yoxsa davranışda?
Saz əldədirmi, yoxsa ürəkdə?
Bu suallar cavabsız qaldıqca, belə hallar tək-tək yox, adət halına çevrilmək təhlükəsi yaradır. Buna isə nə aşıq sənəti, nə də bu sənəti sevən xalq layiqdir.
Baş redaktor:
Vəli Əliyev















