"Kitab insan ruhunun ən müqəddəs yazısıdır" Naxçıvan Muxtar Respublikasının Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov

“Kitab kiminə görə bilik mənbəyi, kiminə görə bir informasiya vasitəsidir. Sözün əsl mənasında, kitab insan ruhunun ən müqəddəs yazısıdır. Kitab bəşər tarixinin ən böyük nailiyyətlərindən biridir”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Adil Babayev adına Naxçıvan Muxtar Respublika uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov söyləyib.

O qeyd edib ki, bu bir həqiqətdir, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Yetişməkdə, böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın, mütaliənin rolu əvəzsizdir. Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənətinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatı, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri olan mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. Bugün kitabsevərlər tərəfindən kitabxanamıza 95 adda 434 nüsxə kitab təqdim olunub. Buna görə də həm öz adımdan, həm də kollektivimiz adından öz dərin minnətdarlığımızı bildiririk.
İstinad:Şərq Qapısı
Aidə İBRAHİMOVA