✍️Vəli Əliyev yazır... İnsan Sağlamlığının Keşikçiləri



Hər bir cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri səhiyyənin vəziyyəti və insanların sağlamlığına göstərilən diqqətdir. İnsan ömrünün keşiyində dayanan, gecəsini gündüzünə qatan, ən çətin anlarda insanların ümid yerinə çevrilən tibb işçiləri hər zaman xüsusi ehtiram və hörmətə layiqdirlər. Məhz buna görə də hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu əlamətdar gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən təsis olunub. Tarixi kökləri isə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. Belə ki, 1918-ci il iyunun 17-də ölkəmizdə Səhiyyə Nazirliyinin yaradılması Azərbaycan səhiyyəsinin inkişaf tarixində mühüm mərhələ olmuşdur.

Azərbaycan tibb elmi və səhiyyə sistemi uzun və şərəfli inkişaf yolu keçib. Əziz Əliyev, akademik Zərifə Əliyeva, İbrahim Topçubaşov, Adilə Namazova və digər görkəmli alimlərimizin fəaliyyəti ölkəmizin tibb tarixində silinməz iz qoyub. Onların elmi irsi bu gün də Azərbaycan səhiyyəsinin inkişafına xidmət edir.

Səhiyyə sisteminin müasir inkişaf mərhələsi isə ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin rəhbərliyi dövründə ölkənin müxtəlif bölgələrində xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri tikilərək istifadəyə verilib, peşəkar tibbi kadrların hazırlanmasına xüsusi diqqət ayrılıb. Bu siyasət bu gün də uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni xəstəxanaların inşası, müasir tibbi avadanlıqlarla təminat, rəqəmsal texnologiyaların tətbiqi və tibbi xidmətlərin əlçatanlığının artırılması ölkəmizin səhiyyə sistemini yeni inkişaf mərhələsinə yüksəldib.

Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial və humanitar layihələr insanların sağlamlığının qorunmasına, xüsusilə uşaqların və həssas əhali qruplarının tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

Bu gün Azərbaycan səhiyyəsi yalnız müasir infrastrukturla deyil, həm də yüksək peşəkarlığa malik həkimləri, tibb bacıları və digər səhiyyə işçiləri ilə seçilir. Xüsusilə son illərdə baş verən qlobal pandemiya dövründə və müharibə zamanı tibb işçilərimizin göstərdikləri fədakarlıq onların nə qədər müqəddəs və məsuliyyətli peşə sahibi olduqlarını bir daha sübut etdi.

Tibb işçisi olmaq sadəcə peşə deyil, insan həyatına xidmət etmək, mərhəmət göstərmək və ümid vermək missiyasıdır. Ağ xalatlı insanlar hər gün yüzlərlə insanın sağlamlığı və həyatı uğrunda mübarizə aparır, onların sevincinə və kədərinə şərik olurlar.

Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ölkəmizin bütün həkimlərini, feldşerlərini, tibb bacılarını və səhiyyə sahəsində çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, ailə səadəti və şərəfli xidmət yollarında davamlı nailiyyətlər arzulayırıq. İnsan sağlamlığının keşiyində dayanan bütün tibb işçilərinə minnətdarlığımız sonsuzdur.

Bayramınız mübarək olsun!

Baş redaktor:
Vəli Əliyev