✍️ Vəli Əliyev yazır... Gənc alim, peşəkar mütəxəssis və sevilən müəllim
---
9-06-2026, 12:53
423
Cəmiyyətin inkişafında müəllimlərin rolu danılmazdır. Elə müəllimlər var ki, onlar təkcə auditoriyada dərs keçməklə kifayətlənmir, həm də öz bilikləri, yüksək mənəvi keyfiyyətləri və peşəkarlıqları ilə tələbələrinin həyatında silinməz iz qoyurlar. Belə ziyalılardan biri də Lənkəran Dövlət Universitetinin müəllimi Təhməzov Murad Nazim oğludur.
Murad Təhməzov 5 mart 1997-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. O, 2003-2014-cü illərdə Cəlilabad şəhər 2 saylı tam orta məktəbdə təhsil alaraq məktəb illərindən çalışqanlığı və elmə marağı ilə seçilmişdir.
Təhsilini daha da inkişaf etdirmək məqsədilə 2015-ci ildə Lənkəran Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasına qəbul olmuş, 2019-cu ildə həmin ixtisas üzrə bakalavr təhsilini uğurla başa vurmuşdur. Elmə olan marağı onu daha yüksək pillələrə aparmış, həmin ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsində İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşması üzrə təhsil almağa başlamış və 2021-ci ildə magistr təhsilini müvəffəqiyyətlə tamamlamışdır.
Bu gün Murad Təhməzov məsuliyyətli vəzifələrdən birini icra edərək Lənkəran Şəhər Onkoloji Xəstəxanasında baş mühasib kimi fəaliyyət göstərir. Bununla yanaşı, 2021/2022-ci tədris ilindən etibarən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında müəllim kimi çalışaraq öz bilik və təcrübəsini gənc nəslə ötürür.
Gənc yaşına baxmayaraq, Murad müəllim elmi fəaliyyət sahəsində də mühüm uğurlar qazanmışdır. O, respublikamızda və xarici ölkələrdə nəşr olunan 13 elmi əsərin müəllifi kimi elmi ictimaiyyət arasında tanınır. Onun tədqiqatları mühasibat uçotu, audit və maliyyə idarəetməsi sahələrinin aktual problemlərinə həsr olunmuşdur.
Lakin Murad müəllimi tələbələrinin gözündə fərqləndirən təkcə elmi nailiyyətləri deyil. Onun səmimi davranışı, yüksək mədəniyyəti, pedaqoji ustalığı, metodiki hazırlığı və tələbələrə xüsusi qayğı ilə yanaşması ona böyük hörmət qazandırmışdır. Tələbələr onun dərslərini maraqla dinləyir, tövsiyələrindən bəhrələnir və onu özlərinə nümunə hesab edirlər.
Bu gün ölkəmizin ali təhsil müəssisələrinin belə savadlı, məsuliyyətli və perspektivli gənc müəllimlərə ehtiyacı vardır. Murad Təhməzov da öz fəaliyyəti ilə göstərir ki, elmə, təhsilə və peşəsinə sevgi ilə yanaşan insanlar cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayırlar.
Murad müəllimə gələcək elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun qazandığı uğurların sayı bundan sonra da artacaq və o, Azərbaycan təhsilinin inkişafına öz layiqli töhfələrini verməyə davam edəcəkdir.





















