İNSANIN İŞİ DÜŞƏNDƏ YAXŞI OLURSAN, İŞİ BİTƏNDƏ YADINDAN ÇIXIRSAN...
İnsan yaşadıqca həyatdan dərs alır. Zaman keçdikcə insanları daha yaxşı tanıyır, münasibətlərin görünən tərəfi ilə yanaşı, görünməyən mahiyyətini də anlamağa başlayır. Bəzən elə hadisələrlə qarşılaşırsan ki, əvvəlcə özündən şübhələnirsən: Görəsən, mən nə etmişəm? Hansı xüsusiyyətimə görə bu insan mənə bu qədər diqqət göstərir, vaxt ayırır, günlərlə axtarır, halımı soruşur?
Sən də bu diqqətə inanırsan. Səmimiyyət görür, səmimiyyətlə cavab verirsən. Qarşındakı insanın qayğısını, sevgisini, münasibətini yüksək qiymətləndirirsən. Hətta öz işini, şəxsi planlarını bir kənara qoyub onun probleminin həllinə vaxt ayırırsan. Çünki düşünürsən ki, insan insana dar günündə dayaq olmalıdır. Kiminsə işi düşübsə, əlindən gələn köməyi etmək insanlıq borcudur.
Amma həyatın qəribə bir tərəfi də var...
Sənin diqqətin, vaxtın, zəhmətin hesabına işlər yoluna düşəndən sonra münasibətlər də yavaş-yavaş dəyişməyə başlayır. Dünən səni günlərlə axtaran insan bu gün zəng etməyə vaxt tapmır. Dünən harada oturmağına, nə yeməyinə qədər maraqlanan insan bu gün yazdığın bir cümləyə belə cavab vermir.
Bir zamanlar varlığını xüsusi qiymətləndirən insanın yoxluğuna belə biganə qaldığını görürsən.
Və onda anlayırsan ki, bəlkə də, sənə göstərilən diqqətin ünvanı sən özün deyilmişsən. Sənin şəxsiyyətin, mənəvi dünyan, dostluğun deyil, həll edə biləcəyin bir məsələ, görə biləcəyin bir iş imiş.
Ən ağrılısı isə budur ki, insan bəzən öz səmimiyyətinin qarşılığında soyuqluq görür. Verdiyi dəyərin qarşılığında laqeydliklə üzləşir. Halbuki o, heç nə ummadan, heç bir qarşılıq gözləmədən kömək etmişdi.
Mənim gəldiyim qənaət budur: İnsanların hamısını özün kimi düşünmək, hər diqqəti səmimiyyət, hər xoş sözü dostluq hesab etmək doğru deyil.
Çünki hər kəsin sənə yaxınlaşma səbəbi eyni olmur. Kimisi səni insan olduğun üçün sevir, kimisi isə səndən əldə edəcəyi faydaya görə yanında olur. Birincilər həyatının dəyəridir, ikincilər isə sənə həyatın dərsidir.
Amma bütün bunlar insanı yaxşılıq etməkdən, kömək göstərməkdən, səmimi olmaqdan çəkindirməməlidir. Sadəcə, insan yaxşılığının qədrini bilməyənlərə öz həyatında həddindən artıq yer ayırmamağı öyrənməlidir.
Mən artıq bir həqiqəti qəbul etmişəm: Hər kəsin işi düşəndə yaxşı insan olmaq, işi bitəndə isə unudulmaq insanın taleyi olmamalıdır.
Bəzən öz-özümə düşünürəm: Görəsən, mən hamı üçün bu qədər əlçatan olduğuma, hamının problemini öz problemim bildiyimə görə pis adamam?
Xeyr! Pis insan deyiləm. Sadəcə, bəzən yaxşılığın qədrini bilməyənlərə həddindən artıq yaxşılıq etmişəm.
Mənim üçün insan münasibətlərində ən böyük sərvət etibardır. Dostluq yalnız ehtiyac yarananda qapını döymək deyil. Dostluq ehtiyac bitəndən sonra da həmin qapını xatırlamaqdır. Səmimiyyət yalnız köməyə ehtiyac duyanda deyil, heç bir ehtiyacın olmadığı vaxtda da hal-əhval tutmaqdır.
Unutmayaq: İnsan yalnız işimizə yarayanda deyil, heç bir işimizə yaramadığı vaxtda da dəyərlidir. Çünki insanın qiyməti onun gördüyü işlə deyil, şəxsiyyəti ilə ölçülməlidir.
Həyat mənə bir şeyi öyrətdi: Yaxşılıq et, amma özünü unutma. Dəyər ver, amma dəyərini bilməyənlərin qarşısında özünü tükətmə. İnsanlara qapını açıq saxla, amma hər gələnin ürəyinə daxil olmasına imkan vermə.
Çünki insanın ən böyük səhvi yaxşı olmaq deyil, yaxşılığını hər kəsin haqqı hesab etməkdir.
Kamran Seyidzadə
İçtimai fəal










