✍️ Vəli Əliyev yazır... SIXINTI VƏ KƏDƏR İNSANI KAMİLLƏŞDİRMƏK ÜÇÜNDÜR

Mənəvi dəyərlər 28.11.2026 16:57 28

Həyatın sınaqları, insanın mənəvi yetkinliyə gedən yolu və ağrılardan doğan müdriklik...

İnsan həyatı boyu müxtəlif sınaqlarla qarşılaşır. Bəzən sevincin içində üzür, bəzən isə elə bir sıxıntı və kədərlə üzləşir ki, sanki dünyanın bütün ağırlığı onun çiyinlərinə yüklənir. Elə anlar olur ki, insan özünü heç kimin anlamadığını, yaşadığı ağrını heç kimin hiss etmədiyini düşünür. Lakin həyatın qəribə bir həqiqəti var: insanı yalnız xoş günlər deyil, çətinliklər də yetişdirir.

Bəlkə də sıxıntı və kədər insanın özünü daha yaxından tanıması üçün verilən bir fürsətdir. Çünki rahatlıq içində hər kəs güclü görünə bilər. Əsl xarakter isə insan çətinliklə üzləşəndə üzə çıxır. Məhz o zaman kimin səbirli, kimin dözümlü, kimin mərhəmətli, kimin isə yalnız öz mənafeyini düşündüyü bəlli olur.

İnsan kədərləndikcə bəzən susmağı öyrənir. Hər kəsə hər şeyini danışmamağı, hər gülərüz insana inanıb ürəyini açmamağı, hər yaxın görünəni doğma hesab etməməyi anlayır. Zaman keçdikcə insanın baxışları dəyişir. Əvvəllər böyük hesab etdiyi bəzi məsələlərin əslində nə qədər kiçik olduğunu, vaxtilə əhəmiyyət vermədiyi mənəvi dəyərlərin isə nə qədər qiymətli olduğunu dərk edir.

Sıxıntı insana səbrin qiymətini, kədər isə xoşbəxtliyin mənasını öyrədir. Bəzən insan bir damla sevincin dəyərini anlamaq üçün uzun müddət kədər yaşamalı olur. Bir səmimi sözün, bir hal-əhval tutmağın, bir insanın yanında olmasının nə qədər böyük mənəvi sərvət olduğunu məhz çətin günlərdə anlayır.

Amma bir həqiqəti də unutmayaq: hər ağrı insanı kamilləşdirmir. Bəzən insanı yorur, incidib ruhdan salır. İnsanı kamilləşdirən yaşadığı ağrıdan hansı nəticəni çıxarması, çətinliklər qarşısında öz mənliyini və insanlığını qoruyub saxlaya bilməsidir.

Ən böyük kamillik odur ki, insan yaşadığı haqsızlıqlara baxmayaraq haqsızlıq etməsin, gördüyü soyuqluğa baxmayaraq mərhəmətini itirməsin, xəyanətlə qarşılaşsa belə etibara olan inamını tamamilə öldürməsin.

Həyat insana bəzən insanları tanıdır, bəzən özünü. Bəzən ətrafındakıların sayını azaldır, amma onların həqiqi dəyərini göstərir. Bəzən insanı təkliyə çəkir ki, o, öz daxilindəki səsi eşidə bilsin.

Mənə elə gəlir ki, insanın ən böyük qazancı bütün arzularına çatması deyil, həyatın çətin sınaqlarından keçərkən öz mənəviyyatını itirməməsidir. Çünki var-dövlət, vəzifə, şöhrət zamanla dəyişə bilər, amma insanın qazandığı müdriklik, xarakter və mənəvi zənginlik onun əsl sərvətidir.

Əziz oxucu, həyatınızda sıxıntılı günlər yaşayırsınızsa, unutmayın ki, heç bir gecə əbədi deyil. Hər çətinliyin bir sonu, hər səbrin bir mənası, hər təcrübənin bir dərsi var. Özünüzü itirməyin, qəlbinizdəki mərhəməti qoruyun. Çünki insanı ucaldan yaşadığı ağrıların sayı deyil, həmin ağrılardan sonra necə bir insana çevrilməsidir.

Bəzən həyat insanın əlindən rahatlığını alır ki, ona həqiqətləri göstərsin. Bəzən gözlərini yaşla doldurur ki, baxışları aydınlaşsın. Bəzən insanı tək qoyur ki, öz gücünü kəşf etsin.

Unutmayaq: insanın kamilliyi heç vaxt yıxılmamağında deyil, yıxıldıqdan sonra yenidən ayağa qalxmasında, bütün sınaqlara baxmayaraq insan qala bilməsindədir.

Sıxıntı bir sınaqdır, kədər bir təcrübədir, səbir isə kamilliyə aparan yoldur.

Vəli Əliyev

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru

Oxşar xəbərlər