📝 Nitq mədəniyyəti

Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.
Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.
Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dil- özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmusdur.
Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi
Nitq mədəniyyətinin əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi.
Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn, "öyə getmək" düzgün deyil. Burada dilin fonetik (orfoepik) qaydası pozulmuşdur. Bu ifadəni «evə getmək» kimi dedikdə nitq düzgündür.
Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi nəzərdə tutulur. Məsələn: «Uşaq dərsdən gəlir» — cümləsi düzgündür, ancaq dəqiq deyil. «Uşaq məktəbdən gəlir» — cümləsi isə həm düzgündür, həm də dəqiqdir.
Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu və bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: «O, klassik ədəbiyyatı çox sevir» cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. «O, klassik ədəbiyyatın vurğunudur» cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.
Nitqin düzgünlüyünə və dəqiqliyinə hamı əməl etməlidir. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.
Dil, nitq və nitq fəaliyyəti
Dil ünsiyyət vasitəsidir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır.
Nitq ünsiyyət prosesidir. Nitq dilin ifadə imkanları əsasında hər hansı bir məlumatın verilməsi şəklində ortaya çıxır. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişkən, nitq isə ona nisbətən çox dəyişkəndir. Məsələn, bizim keçən əsrdəki dilimiz indikindən az fərqlənib, ancaq həmin yüzülikdə yasayan şəxslərin nitqi indıkindən çox fərqli olubdur.
Nitq fəaliyyəti isə nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur.
Ədəbi dil. Nitq normaları
Ədəbi dil — milli dilin müəyyən qayda — qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır. Başqa sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə malik olan ən yüksək formasıdır.
Ədəbi dilin tabe olduğu qayda — qanunlar sisteminə nitq normaları deyilir.Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə deyilir.
Ətraflı
Ədəbi dil iki şəkildə özünü göstərir: şifahi ədəbi dil, yazılı ədəbi dil.
Şifahi ədəbi dil səslənən ədəbi dildir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur. Nitq, çıxış və məruzələr şifahi ədəbi dil normalarına aiddir.
Yazılı ədəbi dil yazılan dildir, orfoqrafık normalara tabe olur.