Xalqın yaddaşında əbədi yaşayan sənətkar – Rasim Balayev .Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti Rasim Balayev Türkiyədə vəfat edib.


Onun ölümü təkcə sənət cameəsi üçün deyil, bütövlükdə milli kino tariximiz üçün böyük itkidir. Uzun illər boyu yaratdığı obrazlarla milyonların qəlbində iz buraxan sənətkar, yaddaşlarda silinməz bir sənət izi qoyaraq bu dünyadan köçdü.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda dünyaya göz açıb. Orta təhsilini doğma rayonunda başa vuran gələcək aktyor, sənətə olan böyük sevgisinin ardınca gedərək Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1969-cu ildə oranı uğurla bitirib. Bu illər onun həyatında yalnız təhsil mərhələsi deyil, həm də böyük sənət yolunun başlanğıcı idi.
Onun kino sahəsində ilk addımı Bakı kinostudiyasında çəkilən “Ulduzlar sönmür” filmində kiçik rol ilə başladı. Lakin qısa zaman ərzində öz istedadı, səhnə mədəniyyəti və xarizması ilə seçilərək Azərbaycan kinosunun aparıcı simalarından birinə çevrildi.
Aktyorun yaratdığı obrazlar bu gün də tamaşaçıların yaddaşında yaşayır. Xüsusilə Nəsimi, Babək və Dədə Qorqud filmlərindəki rolları onun sənət zirvəsini nümayiş etdirir. Bu filmlərdə Rasim Balayev yalnız obraz yaratmırdı, o, milli ruhu, tariximizi və mənəviyyatımızı tamaşaçıya çatdırırdı.
Rasim Balayev təkcə aktyor kimi deyil, həm də ictimai xadim kimi fəaliyyət göstərib. 1990-cı ildən 2013-cü ilədək Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kimi çalışıb, milli kinonun inkişafına mühüm töhfələr verib. 2022-ci ildə isə həmin qurumun sədri seçilərək bu sahədə fəaliyyətini daha da genişləndirib.
Onun sənəti, yaratdığı obrazlar və kino tariximizə verdiyi töhfələr hər zaman yaşayacaq. Rasim Balayev təkcə bir aktyor deyildi – o, bütöv bir məktəb, bir dövr, bir ruh idi.
Allah rəhmət eləsin.