✍️Vəli Əliyev yazır... GƏNC İSTEDADIN UĞURU: RƏCƏBLİ ZƏHRA III YERƏ LAYİQ GÖRÜLDÜ
Elm və Təhsil
Bu gün, 15:26
37
Gənclərin elmə, təhsilə, yaradıcılığa və milli-mənəvi dəyərlərə bağlılığının ən gözəl göstəricilərindən biri onların müxtəlif müsabiqələrdə qazandığı uğurlardır. Belə uğurlar yalnız bir gəncin şəxsi nailiyyəti deyil, həm də onun təhsil aldığı müəssisənin, müəllimlərinin və ailəsinin sevincidir.
Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin II kurs “Turizm işinin təşkili” ixtisası tələbəsi Rəcəbli Zəhra da öz yaradıcılığı və bilikləri ilə seçilən gənclər sırasına qoşulub.
Zəhra “Unudulmaz Vətən Oğulları” adlı ingilis dilində esse yazı müsabiqəsində iştirak edərək III yerə layiq görülüb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan diplom gənc tələbənin əməyinə və yaradıcılıq qabiliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
02 sentyabr 2026-cı il tarixində rəsmiləşdirilən diplom Zəhranın tələbəlik həyatında xüsusi xatirəyə çevriləcək. Çünki Vətən mövzusunda yazılan hər bir əsər, xüsusilə gənc nəslin dilindən səslənəndə, tariximizə, qəhrəmanlarımıza və milli yaddaşımıza olan münasibətin göstəricisidir.
“Unudulmaz Vətən Oğulları” mövzusunun ingilis dilində təqdim edilməsi isə bu dəyərlərin yalnız doğma dildə deyil, beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilində də ifadə olunmasının əhəmiyyətini göstərir. Bu, gənclərimizin həm milli kimliyini qoruduğunu, həm də dünyaya açıq olduğunu nümayiş etdirir.
Rəcəbli Zəhranın bu uğuru göstərir ki, təhsil yalnız dərsliklərdən bilik əldə etmək deyil. Təhsil həm də düşünmək, araşdırmaq, öz fikrini ifadə etmək və sahib olduğun milli-mənəvi dəyərləri dünyaya çatdırmaq bacarığıdır.
İnanırıq ki, Zəhranın bu nailiyyəti onun gələcək uğurlarının başlanğıcı olacaq. Bu gün III yer, sabah isə daha böyük müsabiqələrdə yeni qələbələr...
Gənclərin qazandığı hər bir uğur Azərbaycan təhsilinin və gələcəyimizin uğurudur.
Rəcəbli Zəhranı bu münasibətlə təbrik edir, ona təhsilində, yaradıcılığında və gələcək həyat yolunda yeni-yeni nailiyyətlər arzulayırıq.
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.



















