Bəxtiyar Vahabzadə - Allah
Ədəbiyyat
26-11-2025, 22:50
6
("Fəryad" pyesində İmadəddin Nəsiminin dilindən söylənən parça)
İdraka yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa görünməz gözə Allah.
Allah bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqqda, həqiqətdədir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah.
Bildik, bilirik gizlidir insandakı qüdrət,
Hər kəs onu fəhm etməsə acizdir o əlbət,
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət,
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət,
Gördüklərimiz zahiridir, bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir Allah.
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim,
Seçmiş, seçəcək daima tükdən tükü fikrim,
Mən bir ağacam yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözlərdəki hikmətdədir Allah.
İnsan! Təpədən dırnağa sən arzu-diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən,
Zülmün üzünə haqq deyilən şilləni çəksən
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə enməz,
Vicdandan əgər dönsə də xeyrindən o dönməz,
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.


















