✍️ Vəli Əliyev yazır... Polad Həşimov – Vətənin Polad İradəsi



12 iyul Azərbaycan tarixində sadəcə bir təqvim günü deyil. Bu tarix Vətən uğrunda canından keçməyə hazır olan igid oğullarımızın qəhrəmanlıq salnaməsinin başlanğıcını xatırladır. Məhz həmin gün Tovuz istiqamətində başlanan döyüşlər xalqımızın milli birliyini, ordumuzun gücünü və şəhidlik zirvəsinin müqəddəsliyini bütün dünyaya nümayiş etdirdi.

Bu qəhrəmanlıq dastanının ən uca simalarından biri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovdur. O, yüksək rütbəsinə baxmayaraq, kabinetdə deyil, əsgərinin yanında, ön səngərdə döyüşməyi seçən sərkərdə idi. Məhz buna görə də xalq onu "xalqın generalı" adlandırdı.

Polad Həşimov sübut etdi ki, əsl rəhbər əmr verən deyil, öz əsgəri ilə eyni səngəri bölüşəndir. Onun şəhadəti milyonlarla azərbaycanlının qəlbində Vətən sevgisini daha da alovlandırdı, xalqı yumruq kimi birləşdirdi və böyük Zəfərə aparan milli ruhun formalaşmasında mühüm rol oynadı.

Şəhidlər ölmürlər. Onlar xalqın vicdanında, dövlətin tarixində və gələcək nəsillərin yaddaşında əbədi yaşayırlar. Polad Həşimov da öz adı ilə yalnız hərb tariximizə deyil, milli mənəviyyatımıza, vətənpərvərlik məktəbinə əbədi həkk olundu.

Bu gün Polad Həşimovu anarkən yalnız bir qəhrəmanı deyil, Vətənə sədaqətin, şərəfin, qeyrətin və fədakarlığın canlı rəmzini yad edirik. Onun ömür yolu hər bir gənc üçün örnək, hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Yaradan Polad Həşimov başda olmaqla Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın məqamını uca etsin. Onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Ruhunuz şad olsun, cənab General! Azərbaycan sizi heç vaxt unutmayacaq!

Vəli Əliyev

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.