✍️Vəli Əliyev yazır... Vətəndən uzaqda yaşayan, Vətəni qəlbində yaşadan insan – Azad Rəhimov


Tarix göstərir ki, Vətənə xidmət etmək üçün mütləq onun hüdudları daxilində yaşamaq şərt deyil. Əsl vətənpərvərlər harada yaşamalarından asılı olmayaraq, qəlblərində Azərbaycanı yaşadır, bayrağımızı ucaldır, haqq səsimizi dünyaya çatdırırlar. Belə şəxsiyyətlərdən biri də ömrünün otuz ilə yaxın hissəsini Almaniyada keçirsə də, ruhu daim Azərbaycanla yaşayan Azad Rəhimovdur.

Azad Rəhimov Almaniyada Azərbaycan diasporunun formalaşmasına böyük töhfələr vermiş ilk fəal soydaşlarımızdan biridir. O, Almaniya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, "Vətən Naminə" hərəkatının təsisçisidir. Onun uzun illər ərzində gördüyü işlər təkcə diaspor fəaliyyəti deyil, həm də Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunmuş şərəfli həyat yoludur.

İllər öncə taleyin məni Azad müəllimlə tanış etməsi mənim üçün də unudulmaz hadisələrə səbəb oldu. Onun təşəbbüsü ilə Almaniyada keçirilən bir çox tədbirlərdə iştirak etmək imkanım yarandı. Hər tədbirdə bir həqiqəti gördüm: Azad Rəhimov üçün təşkilatçılıq sadəcə vəzifə deyil, Vətən qarşısında müqəddəs borcdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Almaniyanın Nürnberq şəhərində təntənə ilə qeyd olunması həmin tədbirlərdən biri idi. Xarici ölkədə üçrəngli bayrağımızın qürurla dalğalanması, Azərbaycan himninin səslənməsi və soydaşlarımızın bir amal ətrafında birləşməsi qürurverici mənzərə yaradırdı. Bu möhtəşəm tədbirin əsas təşkilatçılarından biri Azad Rəhimov idi.

2017-ci ilin fevral ayında keçirilən 53-cü Münxen Təhlükəsizlik Konfransı isə yaddaşımda xüsusi iz qoyub. Dünyanın aparıcı dövlət başçılarının iştirak etdiyi həmin mötəbər tədbir çərçivəsində Prezident cənab İlham Əliyev də Münxenə səfər etmişdi.

Məhz həmin günlərdə Azad Rəhimovun təşkilatçılığı ilə "Xocalıya azadlıq!" şüarı altında etiraz aksiyası keçirildi. Mən də onun dəvəti ilə həmin aksiyada iştirak etdim. Minlərlə insanın diqqətini çəkən bu aksiya Azərbaycanın haqq səsinin Avropanın mərkəzində ucalması idi. Tədbirdən sonra Azərbaycan Televiziyasına verdiyim müsahibədə də Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladım.

Azad müəllim yalnız ictimai xadim deyil, həm də nümunəvi ailə başçısıdır. O, yeddi övlad atasıdır — beş oğul, iki qız. Xarici ölkədə yaşamasına baxmayaraq, övladlarını milli-mənəvi dəyərlərə bağlı, Vətənini sevən, dövlətinə hörmət edən insanlar kimi böyüdüb. Bu gün onun övladları da Azərbaycan sevgisini öz həyatlarının ayrılmaz hissəsi hesab edirlər. Əslində, diaspor fəaliyyətinin ən böyük uğurlarından biri də milli ruhu gələcək nəsillərə ötürməkdir və Azad Rəhimov bunu bacaran nadir insanlardandır.

Bir neçə il əvvəl Azad müəllimin dəvəti ilə o vaxt Milli Məclisin deputatı olan, hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin Nürnberqdə keçirilən görüşündə iştirak etdim. Redaksiyamız adından ona "Fəxri Fərman" təqdim etdim və tədbirdə çıxış etdim. Həyat dəyişir, vəzifələr dəyişir, münasibətlər də zamanın sınağından keçir. Təəssüf ki, bu gün həmin səmimi əlaqələri davam etdirmək mümkün deyil.

Bu il Azad müəllim ənənəsinə sadiq qalaraq yay məzuniyyətini doğma Azərbaycanda keçirmək üçün Bakıya gəldi. Mənə xüsusi təsir edən məqamlardan biri də o oldu ki, o, Vətənə çatan kimi ilk zəng etdiyi insanlardan biri mən oldum. Vaxtımız məhdud olsa da, görüşümüz baş tutdu. Uzun söhbət etdik, keçmiş xatirələri vərəqlədik, diasporun bugünkü vəziyyəti və gələcək planları barədə fikir mübadiləsi apardıq.