✍️Vəli Əliyev yazır... Qanunun keşiyində dayananlara ehtiram – 2 İyul Azərbaycan Polisi Günü


Hər bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də ölkədə hökm sürən sabitlik, qanunun aliliyi və vətəndaş təhlükəsizliyi ilə ölçülür. Bu müqəddəs missiyanın ön cərgəsində isə gecəsini gündüzünə qatan, xalqın rahatlığı naminə həyatını təhlükəyə atan Azərbaycan polisi dayanır.

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə ölkəmizin bütün polis əməkdaşlarını, Daxili İşlər Nazirliyinin şəxsi heyətini, xidmətdə və ehtiyatda olan polis veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram.

Azərbaycan polisi dövlətçiliyimizin ən mühüm dayaqlarından biridir. Ölkədə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, dövlətin qanuni mənafelərinin keşiyində ayıq-sayıq dayanmaq polis əməkdaşlarının müqəddəs vəzifəsidir. Onlar günün, gecənin, bayramın və ya istirahətin fərqinə varmadan xalqın təhlükəsizliyi üçün xidmət göstərirlər.

Azərbaycan polisinin zəngin tarixi vardır. Ümummilli Lider Heydər Əliyev xalqın təhlükəsizliyinin təmin edilməsində polis orqanlarının rolunu hər zaman yüksək qiymətləndirmiş, onların fəaliyyətinə böyük önəm vermişdir. Məhz Ulu Öndərin 24 may 1998-ci il tarixli Fərmanı ilə hər il 2 iyulun Azərbaycan Polisi Günü kimi qeyd olunması polis əməkdaşlarının əməyinə verilən yüksək dövlət qiymətinin bariz nümunəsidir.

Bu gün həmin diqqət və qayğı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Polis orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, peşəkarlığın artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan polisinin daha da qüdrətlənməsinə xidmət edir.

Son illər ölkəmizin üzləşdiyi müxtəlif sınaqlar, o cümlədən pandemiya dövründə polis əməkdaşlarının fədakar xidməti xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılandı. Tibb işçiləri xəstəliklə mübarizə apararkən, polis əməkdaşları küçələrdə, yollarımızda, yaşayış məntəqələrində insanların sağlamlığının və təhlükəsizliyinin qorunması üçün gecə-gündüz xidmət göstərdilər. Bu xidmət bir daha sübut etdi ki, Azərbaycan polisi hər zaman xalqının yanındadır.

Bu gün də polis əməkdaşlarımız dövlətimizin müstəqilliyinin, ictimai sabitliyin və vətəndaş əmin-amanlığının keşiyində böyük məsuliyyət və sədaqətlə dayanırlar. Onların hər birinin xidməti yüksək hörmətə layiqdir.

Bu əlamətdar gün münasibətilə başda Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov olmaqla, bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. Şəhid olmuş polis əməkdaşlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa, xidmətdə olan bütün polis əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, yeni-yeni uğurlar və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək, Azərbaycan polisi! Dövlətimizin və xalqımızın keşiyində daim vüqarla dayanmağınız diləyi ilə!

Hörmətlə,
Vəli Əliyev
Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru.