✍️Vəli Əliyev yazır... 26 İyun – Gücün, Qürurun və Qələbənin Ordusu.
---
Bu gün, 01:43
34
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi ən şərəfli bayramlardan biridir. Bu gün yalnız hərbçilərimizin peşə bayramı deyil, həm də dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və müstəqilliyimizin sarsılmaz dayağının təntənəsidir.
Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri kimi qəbul edilir. Bu güc təsadüfən yaranmayıb. Onun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, müasir inkişaf mərhələsi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə zirvəyə çatdırılmışdır.
Ümummilli Lider Heydər Əliyev deyirdi: "Azərbaycanın müstəqilliyini qorumağın ən mühüm şərti güclü milli ordunun olmasıdır." Bu uzaqgörən siyasət nəticəsində peşəkar, intizamlı və vətənə sonsuz sədaqətlə xidmət edən Silahlı Qüvvələr formalaşdı.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Xalqımızın uzun illər həsrətində olduğu torpaqlar qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına azad edildi. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə sonsuz ehtiramımızı bildiririk. Onların qəhrəmanlığı tariximizin ən şanlı səhifələrindən biridir.
Azərbaycan əsgəri yalnız silahla deyil, yüksək mənəviyyatı, Vətən sevgisi, xalqına sədaqəti ilə seçilir. Bu ordu xalqın içindən çıxmış, xalqın sevgisi ilə güclənmiş ordudur. Hər bir valideyn övladını Vətənə layiqli xidmət ruhunda böyütməyi özünə müqəddəs borc hesab edir.
Bu gün Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanırsa, bunun arxasında Azərbaycan əsgərinin şücaəti, xalqımızın həmrəyliyi və dövlətimizin qətiyyətli siyasəti dayanır.
Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, ehtiyatda olan zabitlərimizi, veteranlarımızı, qazilərimizi və şəhid ailələrini ürəkdən təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Vətənimizin keşiyində dayanan bütün igid oğullarımızı qorusun.
Qoy Azərbaycan Ordusu daim qalib olsun, dövlətimizin qüdrəti daha da artsın, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın.
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, ordumuza yeni uğurlar, hər bir hərbçimizə möhkəm cansağlığı, ailə səadəti və şərəfli xidmət arzulayıram. Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!
Hörmətlə,
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru





















